Fransada 70 min polis səfərbər edilir
Fransada Sarı jiletlilərin oktyabrın 24-də keçirə biləcəyi aksiyalara qarşı 70 min polis və jandarma əməkdaşı xidmətə cəlb olunacaq.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Fransanın daxili işlər naziri Laurent Nunez bildirib ki, ictimai asayişin qorunması məqsədilə hüquq-mühafizə qüvvələri səfərbər ediləcək. Aksiyaların qadağan olunmasına baxmayaraq, mümkün etirazların qarşısını almaq üçün helikopter və dronlardan da istifadə olunacaq.
Nunez qeyd edib ki, ötən həftə baş verən zorakılıq hadisələrindən sonra prefekturalar aksiyaları daha ciddi nəzarətdə saxlayacaq.
Gard prefekturası isə Nimes və Ales şəhərlərində oktyabrın 24-nə planlaşdırılan aksiyaları qadağan edib. Həmçinin, saat 22:00-dan 05:00-dək 18 yaşdan kiçik şəxslər üçün küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq.
Tələbələrin də dəstəklədiyi Sarı jiletlilər oktyabrın 17-də yaşayış xərclərinin artmasına və yanacağın bahalaşmasına etiraz olaraq ölkə üzrə aksiyalar keçiriblər.
Nümayişlər zamanı təxminən 2 700 nəfər saxlanılıb, 1 000-dən çox polis, jandarma əməkdaşı və yanğınsöndürən yaralanıb. Zorakılıqla müşayiət olunan aksiyalar nəticəsində təxminən 3 000 ticarət obyektinə ziyan dəyib və ya həmin obyektlər talan edilib.
Zərər çəkən sahibkarlar böhranın idarə olunmamasına görə hökuməti tənqid ediblər.
Mümkün yeni aksiyaların qarşısını almaq məqsədilə hökumət Paris, Lill, Lion, Nitsa və Marsel başda olmaqla bir sıra şəhərlərdə qismən komendant saatı tətbiq etmək qərarı verib.
Fransa Prezidenti Emmanuel Makron isə qarşıdakı günlərdə həmkarlar ittifaqlarının təşkil etmədiyi bütün aksiyaların qadağan ediləcəyini açıqlayıb.
23:37 23.10.2026
Oxunuş sayı: 50