NVIDIA rəhbəri: Qazaxıstan süni intellekt mərkəzinə çevrilə bilər
NVIDIA şirkətinin baş icraçı direktoru Jensen Huang Qazaxıstanın enerji resursları və ixtisaslı kadr potensialı sayəsində qlobal fiziki süni intellekt mərkəzlərindən birinə çevrilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi bu barədə məlumat yayıb.
Huang bu fikirləri Qazaxıstanın paytaxtı Astanada, Beynəlxalq Süni İntellekt Mərkəzi olan Alem.Aİ-da keçirilən tədbirdə səsləndirib. O, Qazaxıstanın baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevin suallarını cavablandırıb.
NVIDIA rəhbəri bildirib ki, süni intellekt artıq yalnız rəqəmsal məhsullarla məhdudlaşmır, eyni zamanda yeni sənaye sahəsinin formalaşmasına təkan verir. Bu texnologiyanın inkişafı üçün enerji, məlumatlar və yüksək hesablama gücü vacibdir.
Onun sözlərinə görə, Qazaxıstan təbii sərvətlərini texnologiya sahəsində əlavə dəyərə çevirə bilər. Huang qeyd edib ki, gələcəkdə ölkələr yalnız enerji ixrac etməklə kifayətlənməyərək, həmin enerjidən süni intellekt imkanları yaratmaq və bu imkanları ixrac etmək üçün istifadə edə bilərlər.
Huang ölkələrin öz məlumatlarını emal edərək milli süni intellekt imkanlarını inkişaf etdirməsinin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, məlumatlar cəmiyyətlərin mədəniyyətini, tarixini və dəyərlərini əks etdirdiyinə görə strateji resurs hesab edilməlidir.
NVIDIA rəhbəri əlavə edib ki, ölkələrin süni intellekt xidmətlərini əhaliyə çatdırması üçün enerji şəbəkələri, internet və telekommunikasiya infrastrukturu da inkişaf etdirilməlidir.
O, açıq mənbəli texnologiyaların yerli dillərə, mədəniyyətlərə və ehtiyaclara uyğunlaşdırılmasının milli süni intellekt infrastrukturunun qurulmasına kömək etdiyini bildirib.
Huangın fikrincə, Qazaxıstanın elm, riyaziyyat və texnologiya sahələrində ixtisaslı kadr potensialı ölkəyə bu istiqamətdə mühüm imkanlar yaradır. Bununla belə, fiziki süni intellekt sahəsində qlobal mərkəzə çevrilmək üçün enerji resursları ilə yanaşı, elmi və texnoloji biliklərə malik mütəxəssislərin hazırlanması da vacibdir.
02:30 24.10.2026
Oxunuş sayı: 90