Azərbaycanın sağlamlıq turizmi Astanada TƏQDİM EDİLDİ
Azərbaycanın Astanadakı səfirliyində ölkənin sanatoriya-kurort və sağlamlıq potensialının təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib və Qazaxıstanın turizm şirkətlərinin nümayəndələrini bir araya gətirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" QSC-nin baş direktoru Çingiz Hacıyev sağlamlıq mərkəzlərindəki müalicə və istirahət şəraiti, müasir tibbi avadanlıqlar, göstərilən xidmətlər və tətbiq edilən təbii müalicə üsulları barədə məlumat verib.
Bundan başqa, iştirakçılar "Kurort" Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, göndərişlərin elektron şəkildə verilməsi sistemi və "e-AHİK" bronlaşdırma platformasının imkanları barədə məlumatlandırılıb.
Görüş zamanı Azərbaycanın sanatoriya-kurort müəssisələrinə dair videomateriallar nümayiş etdirilib. Qazaxıstanın turizm şirkətlərinin nümayəndələri onları maraqlandıran suallara cavab alıblar.
Tərəflər Azərbaycanın sağlamlıq turizminin Qazaxıstan bazarında təşviqini, turizm şirkətləri arasında birbaşa əlaqələrin inkişaf etdirilməsini və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. (Report)
12:31 04.09.2026
Oxunuş sayı: 42