Azərbaycanlı alim beşinci dəfə dünyanın ən nüfuzlu alimləri sırasında
Almaniyada və Cənubi Koreada fəaliyyət göstərən azərbaycanlı alim, Elxan Riçard Sadıxzadə Stanford Universitetinin tədqiqatçıları və Elsevier tərəfindən hazırlanan beynəlxalq elmi reytinqdə öz mövqeyini bir daha təsdiqləyib. Alim ardıcıl beşinci dəfə dünyanın ən yüksək elmi təsir göstəricilərinə malik alimləri sırasında yer alıb. Stanford/Elsevier reytinqinin 2026-cı il nəticələrinə əsasən, professor Elxan Riçard Sadıxzadə 2022–2026-cı illərdə ardıcıl beşinci dəfə dünyanın ən nüfuzlu 2 faiz alimini əhatə edən siyahıya daxil edilib. Reytinqin energetika sahəsi üzrə göstəricilərinə əsaslanan hesablamalar isə alimin mövqeyinin daha yüksək olduğunu, dünyanın ən yaxşı 1 faizlik qrupuna daxil olduğunu göstərir. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, alim həm aktual elmi təsirini, həm də uzunmüddətli beynəlxalq elmi nüfuzunu təsdiqləyib. Belə ki, Stanford/Elsevier reytinqi iki əsas istiqamətdə hazırlanır: Single-Year reytinqi alimlərin son bir ildəki elmi istinad göstəricilərini, Career-Long reytinqi isə onların bütün elmi karyerası ərzində formalaşmış elmi təsirini qiymətləndirir. Elxan Riçard Sadıxzadə 2026-cı ildə hər iki siyahıya daxil edilib. O, Single-Year reytinqində ardıcıl beşinci dəfə, Career-Long reytinqində isə 2025-ci ildən etibarən ikinci dəfə yer alaraq elmi fəaliyyətinin həm cari, həm də uzunmüddətli beynəlxalq təsirini təsdiqləyib. Hazırda professor Elxan Riçard Sadıxzadə Almaniyanın Ruhr-Bochum Universitetinin İnkişaf Araşdırmaları və İnkişaf Siyasəti İnstitutunda (IEE) doktorantura proqramının rəhbəri, həmçinin Just Energy Transition Lab beynəlxalq elmi tədqiqat laboratoriyasının təsisçisi və rəhbəridir. O, eyni zamanda Cənubi Koreyanın Korea University Universitetinin xüsusi təyin edilmiş professorudur. Alim uzun illər Cənubi Afrika Respublikasının nüfuzlu Keyptaun Universitetində (University of Cape Town) də elmi fəaliyyət göstərmişdir. Elxan Riçard Sadıxzadə dünyanın müxtəlif universitetlərini və tədqiqat institutlarını birləşdirən iki beynəlxalq elmi konsorsiuma rəhbərlik edir. Onun tədqiqatları enerji iqtisadiyyatı, yaşıl hidrogen, bərpa olunan enerji, dayanıqlı inkişaf, iqlim siyasəti və enerji keçidi kimi strateji əhəmiyyətli sahələri əhatə edir. Azərbaycan elminin beynəlxalq akademik mühitə inteqrasiyasında da alimin xüsusi xidmətləri vardır. Belə ki, o, 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Avropa İqtisadiyyatı Mərkəzini təsis etmiş və həmin vaxtdan mərkəzə rəhbərlik edir. Mərkəz uzun illərdir ki, UNEC-in ən çox elmi istinad alan tədqiqat mərkəzi kimi fəaliyyət göstərir və Azərbaycan iqtisad elminin beynəlxalq elmi mühitdə tanıdılmasına mühüm töhfə verir. Professor Elxan Riçard Sadıxzadə Avropada yaşayan azərbaycanlı alim və mühəndislərin beynəlxalq əməkdaşlığının gücləndirilməsində də fəal iştirak edir. O, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumunun Təşkilat Komitəsinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin aparıcı üzvlərindən biridir. Alim diaspor fəaliyyətinə, xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlığın inkişafına və Azərbaycanla elmi əlaqələrin gücləndirilməsinə verdiyi töhfələrə görə medalla təltif olunub. Qeyd edək ki, Stanford/Elsevier reytinqi elmi nəşrlərə edilən istinadlar, həmmüəlliflik göstəriciləri və digər bibliometrik meyarlar əsasında hazırlanır və dünya alimlərinin elmi təsirinin qiymətləndirilməsində geniş istifadə olunan beynəlxalq göstəricilərdən hesab edilir. Elxan Riçard Sadıxzadənin həm illik, həm də bütün elmi karyerasını əhatə edən reytinqlərdə yüksək mövqeyini təsdiqləməsi Azərbaycan alimlərinin beynəlxalq elmi mühitdə uğurlu təmsilçiliyinin növbəti nümunəsidir. Mənbə: Stanford/Elsevier Top 2% Scientists Ranking, 2026; TOPSCINET, Single-Year və Career-Long məlumatları.
14:40 21.10.2026
Oxunuş sayı: 91