Turistlər niyə Azərbaycana gəlmir?
Bu ilin ilk 7 ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalıb. Hesabat dövründə ölkəyə 191 ölkədən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Eyni zamanda, xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 2,4 faiz azalaraq 1 milyon 160,1 min nəfər təşkil edib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, xarici turistlərin sayının azalmasının müxtəlif səbəbləri var, lakin əsas amillərdən biri quru sərhədlərin bağlı olması, digəri isə hava nəqliyyatı ilə həyata keçirilən uçuşların qiymətlərinin müəyyən qədər baha olmasıdır:
“Bunun müxtəlif səbəbləri var, amma ən başlıca səbəblərindən biri və birincisi quru sərhədlərin bağlı olması, hava yollarının biletlərinin müəyyən qədər baha olmasıdır. 2026–2030-cu illər Prezidentimizin, cənab Prezidentin sərəncamına əsasən turizmin inkişafına dair sənəd imzalandı. İnşallah, tezliklə düşünürəm ki, quru sərhədlərimiz də açılacaq, o da siyasi məsələlərlə əlaqədardır.
İkincisi isə Azərbaycanda ölkəmizə və yaxud ölkəmizdən digər ölkələrə aşağı büdcəli təyyarə uçuşları həyata keçirilməlidir. Bu yaxın gələcəkdə də olacaq, Avropa və digər istiqamətlər üzrə çox münasib qiymətə uçuşlar həyata keçiriləcək. Bu da insanların daha çox ölkəmizə gəlməsinə səbəb olacaq".

Ekspert qeyd edib ki, Qafqaza gələn turistlərin əksəriyyəti Gürcüstandan Azərbaycana quru sərhədlərindən keçirdi: "Hazırda da bağlı olduğuna görə heç bir halda turist keçə bilmir, sadəcə hava nəqliyyatı ilə ölkəmizə gələ bilir. Digər məqamlar isə – təkcə bu məqamlara fokuslanmaq lazım deyil – turizmin mövsümlüyünü aradan qaldırmaqdır. Digər turizm növlərini inkişaf etdirmək lazımdır, təkcə standart turizmi deyil. Əvvəl təkcə bizdə yay turizmi idi, sonra qış turizmi oldu, yay və qış oldu. Amma hazırda bütün il boyu turistik səfərlər mümkün olmalıdır.
Keçid vaxtlarında müxtəlif tədbirlər həyata keçirmək lazımdır, xüsusən də festivallar. Tutaq ki, avqust ayında yay bitirsə, sentyabr ayında artıq Cənub zonasında subtropik bitkilərin yetişmə vaxtıdır, orada gözəl festival keçirmək olar. Məsələn, sentyabrın 5-i, 6-sı Göygöldə moruq festivalı olacaq. Bunu digər rayonlarda da etmək olar. Amma buna turistik yanaşmaq lazımdır, yəni turistlər üçün etmək lazımdır. Rayon çərçivəsindən kənara çıxarmaq lazımdır. Daha geniş formatda etmək lazımdır, daha reklamlı, marketinqə daha çox dəyər vermək lazımdır.
Xaricdən gələn turistlərə ən maraqlı cəhətlərdən biri – bu, mənim şəxsi fikrimdir – toy mədəniyyətimizi aşılamaqdır. Gələn turistlər bizim rayonlarda keçirilən çadırlardakı toylarımızda iştirak etsələr, orada yeməklərimizin dadına baxsalar, rəqs etsələr, çox gözəl olar. Həm toyumuza rəng qatmış olarlar, həm də özləri üçün bizim milli adət-ənənələrimizi fərqinə varmış olarlar. Milli kimliyindən uzaqlaşan sənaye və yaxud dövlət heç zaman özünü layiqincə tanıtdıra bilməz. Bizim mətbəximizin dadına baxsalar, milli adət-ənənələrimizlə tanış olsalar, şirniyyatlarımızdan yesələr, samovar çayımızı görsələr, muğamımıza qulaq assalar, məncə, Azərbaycanı tam hiss edəcəklər. Xüsusən də rayonlarda havası, bulaq suyu – bu da əlavə rəng qatacaq”.
Zeynəb Həsən
20:00 25.08.2026
Oxunuş sayı: 46