İcarəyə götürdüyü avtomobili söküb hissələrini satanları hansı cəza gözləyir?
Son dövrlərdə avtomobil icarəsi ilə bağlı münasibətlərdə müxtəlif hüquqi problemlər ortaya çıxır. Bəzi hallarda şəxslər müəyyən müddətə avtomobil icarəyə götürərək ondan istifadə etmək əvəzinə, nəqliyyat vasitəsini sökür, ayrı-ayrı ehtiyat hissələrini satışa çıxarır və avtomobilin özünü yararsız vəziyyətə salırlar. Bu cür hallar həm avtomobil sahibinə ciddi maddi ziyan vurur, həm də mülkiyyət hüququnun pozulması və qanunvericilik qarşısında məsuliyyət məsələlərini gündəmə gətirir.
İcarə müqaviləsi əsasında avtomobili müvəqqəti istifadəyə götürən şəxs nəqliyyat vasitəsinin sahibi deyil və onun üzərində sərəncam vermək hüququna malik olmur. Buna baxmayaraq, avtomobilin qəsdən sökülməsi, ehtiyat hissələrinin satılması və əldə olunan gəlirin mənimsənilməsi kimi hallar baş verə bilər. Belə vəziyyətlərdə avtomobil sahibinin hüquqlarının necə qorunması, dəymiş ziyanın hansı qaydada ödənilməsi və bu əməllərin hüquqi baxımdan necə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, avtomobil sahibinin razılığı olmadan onun sökülməsi, satılması və bununla da mülkiyyətçiyə ziyan vurulması cinayət məsuliyyəti yaradan əməldir:

“Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən əmlakın qəsdən məhv edilməsi hesab olunur. Əmlakın qəsdən məhv edilməsinə görə şəxs vurulmuş zərərin iki mislindən üç mislinədək miqdarda cərimə oluna bilər. Həmçinin iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Əgər vurulmuş zərərin həcmi külli və ya xüsusilə külli miqdarda olarsa, yaxud əməl yandırmaq kimi təhlükəli üsulla törədilərsə, bu, daha ciddi hüquqi nəticələrə səbəb ola bilər. Belə hallarda maddənin ikinci hissəsinə əsasən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə, xüsusilə külli miqdarda zərər vurulduqda isə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Məhəbbət Tərlanoğlu
19:35 23.11.2026
Oxunuş sayı: 54