Çində dövlət məmuruna ölüm hökmü verilib
Çində xarici kəşfiyyat xidmətinə 100-dən çox məlumat ötürməkdə təqsirli bilinən dövlət məmuru barəsində ölüm hökmü çıxarılıb.
Crossmedia.az xəbər verir ki, “South China Morning Post” nəşri bu barədə məlumat yayıb.
Noyabrın 23-də açıqlanan məlumata əsasən, yalnız Ma soyadı ilə təqdim edilən nazirlik əməkdaşı xarici ölkənin kəşfiyyat xidməti ilə əməkdaşlıq edərək dövlət sirlərini ötürməkdə təqsirli bilinib.
Çin hakimiyyətinin məlumatına görə, Ma xaricdə xidməti ezamiyyətdə olduğu müddətdə başqa bir ölkənin kəşfiyyat əməkdaşı ilə tanış olub. Həmin şəxs əvvəlcə onunla dostluq münasibətləri qurub, daha sonra məxfi məlumatlar əldə etməyə başlayıb.
Sonradan xarici kəşfiyyat nümayəndələri maddi vədlər və hədələr vasitəsilə onu əməkdaşlığa cəlb ediblər.
Məlumata görə, Ma Çinə qayıtdıqdan sonra da casusluq fəaliyyətini davam etdirib. O, xidməti səlahiyyətlərindən istifadə edərək məxfi sənədləri əldə edib və xüsusi elektron vasitələrlə xaricə ötürüb.
İstintaq zamanı onun xarici kəşfiyyat xidmətinə 100-dən çox kəşfiyyat məlumatı təqdim etdiyi müəyyənləşdirilib.
Bu fəaliyyət müqabilində məmurun 1 milyon yuandan artıq pul aldığı bildirilir.
Məhkəmənin qərarı ilə Ma casusluqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. O, həmçinin ömürlük siyasi hüquqlardan məhrum olunub və bütün şəxsi əmlakının müsadirəsinə qərar verilib.
Çin hakimiyyəti məmurun çalışdığı nazirliyin, məlumatları ötürdüyü xarici dövlətin və kəşfiyyat qurumunun adını açıqlamayıb.
Qeyd edək ki, Çində casusluq işləri üzrə ölüm hökmlərinin ictimaiyyətə açıqlanması nadir hallarda baş verir. Hökumət bu hadisəni dövlət sirrinin qorunması ilə bağlı xəbərdarlıq kimi təqdim edib.
16:34 23.11.2026
Oxunuş sayı: 38