Avropada təbii qaz kəskin bahalaşıb
Avropada soyuq hava şəraiti ilə bağlı proqnozlar və qaz ehtiyatlarının mövsümi orta göstəricidən aşağı olması fonunda təbii qazın qiyməti 8,6 faizə qədər artıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 23-də Avropada qaz qiymətləri üçün əsas göstərici hesab olunan Niderlandın TTF birjasında fyuçers müqavilələrinin qiyməti 8,6 faiz yüksələrək meqavat-saat üçün 96,075 avroya çatıb.
Bu, son bir həftədən artıq müddətdə qeydə alınan ən böyük gündaxili artım olub.
Bahalaşmanın əsas səbəblərindən biri Avropanın şimal-qərbində soyuq hava şəraitinin dekabrın əvvəlinədək davam edəcəyi ilə bağlı proqnozlardır.
Meteoroloji məlumatlara əsasən, regionda havanın temperaturunun bu həftə 30 illik orta göstəricidən 3–5 dərəcə, dekabrın əvvəlində isə 5–8 dərəcə aşağı olacağı gözlənilir.
Eyni zamanda, Avropanın qaz anbarlarındakı ehtiyatlar mövsümi orta səviyyədən xeyli aşağıdır. Qış aylarında istilik tələbatının artması mövcud ehtiyatlara əlavə təzyiq yarada bilər.
Qaz bazarında təklifin məhdudlaşması və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə yaranmış fasilələr də qiymət artımını gücləndirən amillər sırasındadır.
Bundan başqa, Almaniya, Danimarka və Niderlandda küləyin zəifləməsi ehtimalı külək elektrik stansiyalarının istehsalını azalda və qazla işləyən elektrik stansiyalarına tələbatı artıra bilər.
Ekspertlərin diqqəti indi Avropada qışın nə qədər sərt keçəcəyinə və qaz ehtiyatlarının artan istehlakı qarşılamaq imkanlarına yönəlib.
15:02 23.11.2026
Oxunuş sayı: 40