AMB sekyuritizasiya fəaliyyətinə dair normativ-hüquqi aktlar hazırlayacaq
Prezident İlham Əliyev "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə 3 noyabr 2026-cı il tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Crossmedia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Mərkəzi Bankı aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:
- "Qiymətli kağızlar bazarı haqqında" qanunun 74-5.7-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya predmetinə dair digər tələblər;
- həmin Qanunun 74-7.7-ci maddəsinə uyğun olaraq, xidmət agentinin fəaliyyətinə dair əlavə tələblər;
- həmin Qanunun 74-8.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiyanın predmeti olan aktivlərin reyestrinə daxil edilməli məlumatların dairəsi;
- həmin Qanunun 74-9.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiyanın predmeti olan aktivlərin sekyuritizasiya şirkətinə satılması prosesinə dair tələblər;
- həmin Qanunun 74-10.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya planına dair tələbləri və onun təsdiq edilməsinə dair sənəd və məlumatların dairəsi;
- həmin Qanunun 74-12.5-ci maddəsinə uyğun olaraq, risklərin idarə edilməsinə dair əlavə tələblər;
- həmin Qanunun 74-13.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya şirkəti tərəfindən AMB-yə və sekyuritizasiya istiqrazının mülkiyyətçilərinə məlumatın təqdim edilməsi qaydası və forması;
Bundan başqa, tənzimləyici qurum və Nazirlər Kabineti yenilənmiş qanunlardan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
15:32 23.11.2026
Oxunuş sayı: 66