Qızılca yenidən yayılır: Peyvəndsiz uşaqlar risk altındadır
Son illərdə dünyada yoluxucu xəstəliklərin yayılması ilə bağlı narahatlıqlar
yenidən gündəmə gəlib. Xüsusilə qızılca xəstəliyinin müxtəlif ölkələrdə geniş
yayılması səhiyyə sistemləri qarşısında ciddi çağırışlar yaradıb. Bir vaxtlar
peyvənd proqramları vasitəsilə yayılma səviyyəsi əhəmiyyətli dərəcədə azaldılan
bu xəstəlik indi yenidən epidemioloji təhlükə kimi diqqət çəkir.
COVID-19 pandemiyası dövründə peyvənd proqramlarında yaranan fasilələr,
vaksinlər barədə yayılan yanlış məlumatlar və peyvənddən imtina hallarının
artması qızılcanın yayılmasına zəmin yaradıb. Bununla yanaşı, maliyyə
böhranlarından sonra bəzi ölkələrdə səhiyyə xərclərinin azaldılması, eləcə də
aztəminatlı ölkələrə göstərilən beynəlxalq yardımın ixtisar edilməsi
peyvəndləmə imkanlarına mənfi təsir göstərib. Nəticədə immunizasiya
proqramlarında yaranan boşluqlar xəstəliyin daha geniş ərazilərə yayılması
riskini artırıb.
Qızılca yüksək yoluxuculuğu ilə seçilən virus infeksiyasıdır və xüsusilə peyvənd olunmamış uşaqlar üçün ciddi təhlükə yarada bilər. Xəstəlik yalnız səpgi və yüksək hərarətlə məhdudlaşmır, bəzi hallarda ağırlaşmalara, o cümlədən pnevmoniyaya, sinir sistemi zədələnmələrinə və hətta ölümə səbəb ola bilər. Bu baxımdan qızılcaya qarşı peyvəndləmə fərdi sağlamlığın qorunması ilə yanaşı, cəmiyyətin epidemioloji təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır.

Crossmedia.az-a açıqlamasında infeksionist
Aytən Ziyadova bildirib ki, qızılca infeksiyasına yoluxma hallarının
artması epidemioloji baxımdan ciddi narahatlıq doğuran məsələlərdən biridir:
“Qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin virus infeksiyasıdır
və xüsusilə peyvənd olunmamış şəxslər arasında sürətlə yayılma xüsusiyyətinə
malikdir.
Xəstəliyin yenidən geniş yayılmasının əsas səbəblərindən biri COVID-19
pandemiyası dövründə planlı immunizasiya proqramlarında yaranmış fasilələrdir. Pandemiya
zamanı səhiyyə xidmətlərinin fəaliyyətində baş verən məhdudiyyətlər, əhalinin
tibb müəssisələrinə müraciətlərinin azalması və profilaktik peyvəndlərin təxirə
salınması nəticəsində immunizasiyadan kənarda qalan uşaqların sayı artmışdır.
Bununla yanaşı, peyvəndlərə qarşı tərəddüd və imtina hallarının çoxalması da
mövcud epidemioloji vəziyyətə mənfi təsir göstərmişdir.
Burada xüsusi vurğulamaq istərdim ki, qızılca virusunun yoluxuculuğu son
dərəcə yüksəkdir. İmmuniteti olmayan şəxslər arasında bir xəstə orta hesabla
12–18 nəfəri yoluxdura bilər. Buna görə də qızılcanın yayılmasının qarşısını
almaq üçün əhalinin ən azı 95 faizinin iki doza qızılca tərkibli vaksinlə əhatə
olunması mühüm əhəmiyyət daşıyır.
Klinik təcrübədə qızılcanın yalnız yüksək hərarət və səpgilərlə müşayiət
olunan infeksiya kimi qiymətləndirilməsi düzgün yanaşma deyil. Xəstəlik ciddi
ağırlaşmalara səbəb ola bilər. Xüsusilə beş yaşdan kiçik uşaqlar,
immunçatışmazlığı olan şəxslər, qidalanma pozğunluğu və A vitamini defisiti
olan uşaqlar, eləcə də hamilə qadınlar ağırlaşmalar baxımından yüksək risk
qrupuna daxildirlər.
Qızılcanın ən mühüm ağırlaşmaları sırasında pnevmoniya, otit, ağır diareya
və dehidratasiya qeyd olunur. Daha ağır hallarda ensefalit, qıcolmalar və
mərkəzi sinir sisteminin zədələnməsi inkişaf edə bilər. Nadir hallarda isə
xəstəlikdən illər sonra yarımkəskin sklerozlaşdırıcı panensefalit kimi ağır,
proqressiv nevroloji ağırlaşma müşahidə oluna bilər.
Eyni zamanda, qızılca virusunun immun sisteminə təsiri də diqqətdən kənarda
qalmamalıdır. Belə ki, infeksiya nəticəsində immunoloji yaddaşın müəyyən
hissəsinin zəifləməsi orqanizmin sonrakı dövrdə digər infeksiyalara qarşı
həssaslığını artıra bilər.
Qızılcaya qarşı mübarizədə əsas istiqamət spesifik immunoprofilaktikadır.
Qızılca, məxmərək və epidemik parotitə qarşı tətbiq olunan kombinə edilmiş
vaksinin iki dozası təxminən 97 faiz qoruyuculuq təmin edir. Bu səbəbdən
uşaqların milli peyvənd təqviminə uyğun olaraq vaxtında immunizasiya edilməsi
son dərəcə vacibdir.
Valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının peyvənd statusunu
mütəmadi olaraq yoxlasınlar. Hər hansı səbəbdən buraxılmış peyvənd dozaları
varsa, pediatr və ya infeksionistlə məsləhətləşərək immunizasiya
tamamlanmalıdır.
Bununla yanaşı, xəstəliyin erkən aşkarlanması və epidemioloji nəzarət
tədbirlərinin vaxtında həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır. Qızılca
səpgilər meydana çıxmazdan təxminən dörd gün əvvəl və səpgilər başladıqdan
sonrakı dörd gün ərzində yoluxucu ola bilər. Buna görə də xəstəliyə şübhəli
şəxslərin vaxtında izolyasiyası və təmasda olanların müəyyənləşdirilməsi
infeksiyanın yayılmasının məhdudlaşdırılmasında vacib rol oynayır”.
İnfeksionist qeyd edib ki, peyvənd olunmamış şəxslər qızılca xəstəsi ilə
təmasda olduqda dərhal həkimə müraciət etməlidirlər:
“Belə hallarda təmasdan sonrakı ilk 72 saat ərzində vaksinasiya, müəyyən
yüksək risk qruplarında isə ilk altı gün ərzində immunoqlobulin profilaktikası
tətbiq oluna bilər. Bu tədbirlər fərdi klinik göstərişlər əsasında
müəyyənləşdirilməlidir.
Qeyd etmək lazımdır ki, hazırda qızılcaya qarşı spesifik antiviral müalicə
mövcud deyil. Müalicə əsasən simptomatik və dəstəkləyici xarakter daşıyır. Əsas
məqsəd ağırlaşmaların erkən aşkarlanması, orqanizmin maye-elektrolit balansının
qorunması və inkişaf etmiş ağırlaşmaların vaxtında müalicəsidir.
Sonda bir daha vurğulamaq istərdim ki, qızılcanın yenidən geniş yayılması
immunizasiya proqramlarının davamlılığının və peyvəndlə əhatə səviyyəsinin
yüksək saxlanılmasının nə qədər vacib olduğunu göstərir.
İnfeksionist olaraq hesab edirəm ki, əsas məqsədimiz yalnız xəstəliyi
müalicə etmək deyil, ilk növbədə onun qarşısını almaq, ağırlaşma və ölüm
hallarının minimuma endirilməsinə nail olmaqdır.
Valideynlər bilməlidirlər ki, qızılcaya qarşı vaxtında aparılan vaksinasiya
yalnız onların öz övladlarını deyil, eyni zamanda cəmiyyətin daha həssas
üzvlərini də qoruyur. Bu baxımdan peyvəndləmə fərdi seçim olmaqla yanaşı,
ictimai sağlamlığın qorunması baxımından da mühüm məsuliyyətdir”.
Məhəbbət Tərlanoğlu
19:11 23.11.2026
Oxunuş sayı: 51