Niderland hökuməti mümkün müharibəyə hazırlaşır
Avropada təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda Niderland hökuməti mümkün genişmiqyaslı hərbi münaqişə şəraitində dövlət idarəçiliyinin və siyasi institutların fəaliyyətini yoxlamağa hazırlaşır. Bu məqsədlə ölkədə ilk dəfə hökumətin iştirakı ilə müharibə ssenarisi üzrə xüsusi təlimlər keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Algemeen Dagblad” nəşri ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Niderlandın müdafiə naziri Dilan Zegerius bildirib ki, təlimlər zamanı ölkədə genişmiqyaslı hərbi münaqişənin baş verməsi ssenarisi nəzərdən keçiriləcək. Hökumət belə vəziyyətdə hansı qərarların qəbul edilməli olduğunu və dövlət qurumlarının necə fəaliyyət göstərməli olduğunu müəyyənləşdirəcək.
Təlimlər çərçivəsində minlərlə hərbçinin ölkənin müxtəlif bölgələri arasında daşınması kimi logistika məsələləri də işləniləcək.
Tədbirlərdə yalnız Nazirlər Kabineti deyil, parlamentin aşağı palatası olan Nümayəndələr Palatası da iştirak edəcək. Bununla Niderlandın siyasi sisteminin fövqəladə böhran şəraitində fəaliyyətə hazırlığı qiymətləndiriləcək.
Qeyd edək ki, noyabr ayında Niderlandın kraliçası Maksima hərbi hazırlıq keçdikdən sonra quru qoşunlarının ehtiyatda olan polkovnik-leytenantı rütbəsini alıb. O, qərargah zabiti kimi xidmət edəcək.
19:51 23.11.2026
Oxunuş sayı: 44