Crossmedia.az yazdı: Dövlət Agentliyi hərəkətə keçdi - Onlarla şirkət araşdırılacaq
Mobil telefonlara göndərilən kütləvi SMS bildirişlərində Azərbaycan
əlifbasına məxsus hərflərin ingilis əlifbasındakı hərflərlə əvəzlənməsi
məsələsi gündəmdədir. Şirkətlərin müştərilərinə göndərdiyi mesajlarda
Azərbaycan dilinin orfoqrafik normalarının pozulması ilə bağlı daha əvvəl də
yazılar dərc etmişik.
Xəbər verdiyimiz kimi, bir sıra şirkətlər SMS-lərdə “ə” əvəzinə “e”, “ö”
əvəzinə “o”, “ü” əvəzinə “u”, “ş” əvəzinə isə “sh” hərflərindən istifadə edir.
Bu isə mesajların dil normalarına uyğunluğunu və oxunaqlılığını sual altına
qoyur.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna Azərbaycan Respublikasının
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyindən cavab verilib.
Agentlikdən bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən, açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə
dövlət nəzarəti qurum tərəfindən həyata keçirilir. Qanunun 34-cü maddəsinə
uyğun olaraq, bu nəzarət qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində aparılır.
Qurumun cavabında, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 99.1.3-cü maddəsinə diqqət çəkilib. Həmin maddəyə əsasən, mediada
dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün
səbəblərdən biri hesab olunur.
Agentlik qeyd edib ki, reklam xarakterli SMS-lərin məzmunu və tərtibatı ilə
bağlı məsələlərə “Reklam haqqında” Qanunun və dövlət dilinin tətbiqinə dair
qanunvericiliyin tələbləri nəzərə alınmaqla, qurumun səlahiyyətləri çərçivəsində
qiymət verilir. Konkret hallarla bağlı tədbirlərin görülməsi isə pozuntunun
xüsusiyyətlərindən və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərdən asılı
olaraq nəzərdən keçirilir.
Agentliyin açıqlamasında vurğulanıb
ki, müraciətdə qaldırılan məsələ qurumun diqqətində saxlanılır və
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məsələsinə baxılacaq.
Qeyd edək ki, kütləvi SMS bildirişlərində Azərbaycan əlifbasına məxsus
hərflərin başqa hərflərlə əvəzlənməsi, mesajların dil normalarına uyğunluğu və
mobil operatorların bu prosesdəki rolu ilə bağlı məsələ daha əvvəl də
Crossmedia.az tərəfindən gündəmə gətirilib. Şirkətlərin SMS-ləri fərqli əlifba
ilə göndərməsinin səbəbləri, bunun texniki və ya kommersiya əsasları, eləcə də
mobil operatorların belə bir tələb irəli sürüb-sürməməsi ictimai müzakirə
predmetidir.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin bu istiqamətdə hansı tədbirləri görəcəyini izləyəcəyik.
20:00 23.11.2026
Oxunuş sayı: 43