Ermənistan 13 ölkədəki səfirlərini geri çağırıb
Ermənistanın xarici diplomatik nümayəndəliklərində kadr dəyişiklikləri həyata keçirilir. Ölkə prezidenti Vaaqn Xaçaturyanın imzaladığı sərəncama əsasən, 13 ölkədə fəaliyyət göstərən səfirlər geri çağırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə müvafiq sərəncamlar Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.
Geri çağırılan diplomatlar arasında Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya və Niderlanddakı səfirlər, eləcə də Argentina, Çili, Peru, Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı diplomatik nümayəndələr var.
Bundan əlavə, Ermənistanın İsraildəki səfiri, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi və NATO-dakı missiyasının rəhbəri də geri çağırılıb.
Qeyd edək ki, noyabrın 20-də Samvel Mkrtçyanın Ermənistanın Rusiyadakı yeni səfiri təyin ediləcəyi barədə məlumat yayılmışdı. O, 1991-ci ildən Ermənistan Xarici İşlər Nazirliyində çalışır, müxtəlif beynəlxalq təşkilatlarda diplomatik vəzifələrdə işləyib. 2016-2018-ci illərdə Livanda, 2018-2023-cü illərdə isə Polşada səfir olub.
Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Rusiyaya planlaşdırılan səfərini ləğv etmişdi.
22:09 23.11.2026
Oxunuş sayı: 45