NATO rəhbəri Avropanın ABŞ-dən hərbi asılılığını tənqid edib
NATO-nun baş katibi Mark Rütte Avropanın müdafiə sahəsində ABŞ-dən həddindən artıq asılı olmasını tənqid edib. O bildirib ki, iqtisadi və demoqrafik imkanları nəzərə alınarsa, Avropa öz təhlükəsizliyini daha böyük ölçüdə özü təmin edə bilməlidir.
Crossmedia.az xəbər verir ki, Rütte bu fikirləri Avropa müdafiə sənayesi və təhlükəsizliyi ilə bağlı çıxışı zamanı səsləndirib.
NATO rəhbərinin sözlərinə görə, Avropada NATO ərazisində yaşayan təxminən 600 milyon insanın 140 milyonluq Rusiya qarşısında müdafiəsi üçün əhalisi 340 milyon olan və Avropadan 6-8 saatlıq uçuş məsafəsində yerləşən ABŞ-yə bu qədər ehtiyac duyması qəribə vəziyyətdir.
“Avropada özümüzü 140 milyon rusiyalıdan qorumaq üçün 600 milyon insanın yaşadığı bir regionun 340 milyon əhalisi olan, buradan 6-8 saatlıq uçuş məsafəsində yerləşən ölkəyə ehtiyac duyması bir qədər qəribədir. Biz bunu özümüz bacarmalıyıq və hazırda məhz bu istiqamətdə çalışırıq”, – deyə Rütte bildirib.
O, Avropa ölkələrinin müdafiə xərclərini artırmasının və hərbi sənaye potensialını gücləndirməsinin vacibliyini vurğulayıb.
Baş katib əlavə edib ki, məqsəd ABŞ-ni NATO-nun müdafiəsindən kənarlaşdırmaq deyil. Əksinə, Avropanın daha böyük məsuliyyət götürməsi transatlantik tərəfdaşlığın davamlılığını gücləndirə bilər.
Rutte ABŞ-nin həm nüvə, həm də adi hərbi imkanlar baxımından Avropanın təhlükəsizliyində iştirakının vacib olaraq qalacağını qeyd edib.
21:33 23.11.2026
Oxunuş sayı: 48