Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edib
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya təzyiqini genişləndirməyə hazırlaşır. Yeni təkliflər maliyyə, enerji, nəqliyyat, idman və mədəniyyət sahələrini əhatə edir. Məhdudiyyətlərin qüvvəyə minməsi üçün üzv ölkələrin razılığı tələb olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlama verib.
Onun sözlərinə görə, 22-ci sanksiyalar paketi çərçivəsində Rusiyanın təxminən 60 bankına qarşı əməliyyat məhdudiyyətlərinin tətbiqi və onların SWIFT sistemindən çıxarılması təklif olunur. Bundan əlavə, kriptovalyuta və ödəniş şəbəkələrinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Təkliflərə əsasən, Avropa şirkətlərinin Rusiyanın enerji infrastrukturu ilə bağlı xidmətlər göstərməsinə də məhdudiyyətlər qoyulacaq. Rusiyanın kölgə donanmasına aid 70-dən çox gəminin sanksiya siyahısına daxil edilməsi də planlaşdırılır.
Yeni paketdə Rusiya ordusunda döyüşlərdə iştirak etmiş şəxslərin Avropa İttifaqına girişinin qadağan edilməsi, eləcə də Avropa vətəndaşlarının Rusiyada fəaliyyət göstərən şirkətlərin rəhbər orqanlarında vəzifə tutmasının məhdudlaşdırılması təklif olunur.
Bundan başqa, Rusiyanın Avropada keçirilən idman və mədəniyyət tədbirlərində iştirakına məhdudiyyətlərin sərtləşdirilməsi, rusiyalı idmançıların milli bayraq altında yarışlarda çıxışının qadağan edilməsi və viza qaydalarının gücləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təqdim olunan paket hələlik təklif mərhələsindədir. Onun qüvvəyə minməsi üçün Aİ-yə üzv ölkələrin yekdil razılığı tələb olunur.
20:16 23.11.2026
Oxunuş sayı: 35