Misir Mərdanov: Süni intellekt insanı əvəz edə bilməz
Süni intellektin imkanları ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyur.
İndiyədək insan zəkasının ən mürəkkəb sınaqlarından biri hesab edilən riyazi
problemlərin süni intellekt vasitəsilə həll olunması ehtimalı elmi
ictimaiyyətin diqqətini cəlb edir. Bu istiqamətdə son günlər yayılan iddia isə
xüsusilə böyük maraq doğurub: Anthropic şirkətinin riyaziyyatçısı Levent Alpöge
Claude süni intellekti ilə birlikdə 1859-cu ildən bəri həllini tapmayan Riman
hipotezinin isbatını əldə etdiyini açıqlayıb.
Alpöge şəxsi saytında yayımladığı dörd səhifəlik qeyddə Claude ilə apardığı
iş nəticəsində həm Riman hipotezinin, həm də onun ümumiləşdirilmiş formasının
isbatını tapdığına inandığını bildirib. O, riyazi arqumentlərin Lean adlı
formal yoxlama sistemində də kodlaşdırıldığını qeyd edib. Bu sistem riyazi sübutların
məntiqi baxımdan yoxlanılmasına imkan verir.
Riman hipotezi sadəcə nəzəri riyaziyyatın mürəkkəb məsələsi deyil. O, sadə
ədədlərin paylanması ilə bağlı fundamental qanunauyğunluqları izah etməyə
çalışan və müasir riyaziyyatın ən mühüm açıq problemlərindən biri hesab olunan
fərziyyədir. 2000-ci ildə Minilliyin yeddi böyük riyazi problemindən biri kimi
müəyyənləşdirilib və düzgün isbatına görə bir milyon dollar mükafat nəzərdə
tutulub.
Bu iddianın diqqətçəkən tərəfi yalnız problemin mümkün həlli deyil, sübut
prosesində süni intellektin oynadığı roldur. Əgər nəticə müstəqil
riyaziyyatçılar tərəfindən təsdiqlənərsə, bu, süni intellektin mürəkkəb elmi
araşdırmalarda insanın köməkçisindən daha geniş funksiyaya keçə biləcəyini
göstərən tarixi hadisəyə çevrilə bilər. Eyni zamanda, bu cür inkişaf
riyaziyyatçıların gələcək rolu, elmi yaradıcılıq və insan zəkasının süni
intellekt qarşısındakı imkanları barədə müzakirələri də gücləndirir.
Lakin mühüm məqam ondan ibarətdir ki, riyazi sübutun kompüter tərəfindən
yoxlanıla bilməsi onun artıq elmi ictimaiyyət tərəfindən qəbul edilməsi demək
deyil. Təqdim olunan sübut hələ müstəqil riyaziyyatçılar tərəfindən ətraflı
araşdırılmalı və təsdiqlənməlidir. Buna görə Riman hipotezinin həll edildiyini
hazırda təsdiqlənmiş elmi fakt kimi təqdim etmək doğru olmaz.
Bütün bunlar fonunda əsas sual yaranır: süni intellekt riyaziyyatçıların
əsrlərdir həll edə bilmədiyi problemləri müstəqil şəkildə həll etmək gücünə
çatırmı?
Crossmedia.az-a açıqlamasında AMEA-nın müxbir üzvü, sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, Riman hipotezi
riyaziyyatın ən məşhur və mürəkkəb problemlərindən biridir:
“Bu hipotez Bernhard Riman tərəfindən irəli sürülüb və sonradan “Millennium
Prize Problems” (Minilliyin mükafat problemləri) siyahısına daxil edilib:
“Bu problemlərdən hər hansı birini həll edən şəxsə Nobel mükafatından da
yüksək məbləğdə pul mükafatı veriləcəyi elan olunub. İndiki halda həmin şəxs
bildirir ki, bu problemi süni intellektin köməyi ilə həll edib.
Bu hipotez sadə ədədlərin paylanması ilə bağlıdır. Sadə ədədlərin sayı
sonsuzdur. Çox güman ki, həmin şəxs bu məsələ üzərində işləyərkən süni
intellektdən istifadə edərək müəyyən nəticəyə gəlib.
Ancaq mənim bildiyimə görə, bu məsələnin həqiqətən həmin alim tərəfindən
həll olunub-olunmadığını mükafatı təsis edənlərin müəyyən etdiyi elmi heyət
araşdırmalıdır. Bu heyət alimlərin təqdim etdiyi isbatı iki il ərzində yoxladıqdan
sonra, ən gec iki il müddətində, bəlkə də daha tez, həmin şəxsin problemi
həqiqətən həll edib-etmədiyini elan edəcək”.
Misir Mərdanov gələcəkdə bu tip
problemləri süni intellektin həll edib-etməyəcəyi barədə isə qeyd edib ki, insanın
iştirakı, insan beyninin məhsulu olmadan, yalnız süni intellekt vasitəsilə belə
problemlərin həlli ən azı yaxın illərdə mümkün olmayacaq:
“Bu mənim şəxsi fikrimdir. Süni intellekt riyazi hesablamaları xeyli
sürətləndirib. Məsələn, əvvəllər bir məsələni həll etmək üçün uzun müddət vaxt
sərf edilirdisə, indi onu süni intellektə təqdim edərək qısa müddətdə cavab
almaq mümkündür.
Süni intellektin riyaziyyatçılara və riyaziyyat elmi ilə məşğul olmaq
istəyənlərə vura biləcəyi zərərə gəlincə, əlbəttə, hər bir vasitənin faydası
olduğu kimi, ziyanı da ola bilər. Məncə, artıq abstrakt düşünmə məsələsi
müəyyən mənada arxa plana keçə bilər. Əsas diqqət süni intellektə yönələ bilər.
İnsan düşünə bilər ki, onsuz da süni intellekt hesablamaları aparır, mən niyə
özümü yorub bunun üzərində işləməliyəm?
Ancaq yenə də mən həmin fikirdəyəm ki, süni intellekt insanı əvəz edə
bilməz. Ən azı yaxın illərdə onun insanı tam əvəz etməsi mümkün görünmür. Çünki
mənə elə gəlir ki, süni intellekt hələlik insan kimi hissiyyata malik deyil. Azərbaycanda
yaşayan, əvvəllər Türkiyədə işləyən bir şəxs Navye-Stoks tənlikləri problemini
həll etdiyini bildirmişdi.
Ancaq məsələ onun bunu iddia etməsi ilə bitmir. Sonradan məlum oldu ki, onun
həll etdiyini bildirdiyi məsələ əslində Navye-Stoks problemi deyil. Ondan əvvəl
başqa bir özbək riyaziyyatçısı da bir problemi həll etdiyini bildirmişdi. Mən
həmin riyaziyyatçını şəxsən tanıyıram. Təxminən bir ay keçməmiş, səhv
etmirəmsə, Çinin dünyaca məşhur riyaziyyatçısı Terens Tao onun təqdim etdiyi
isbatda səhv olduğunu göstərdi.
İndi bu məsələni də çox güman ki, mükafatı təsis edənlər tərəfindən
formalaşdırılmış alimlər heyəti, münsiflər və digər mütəxəssislər
araşdıracaqlar. Bildiyimə görə, bu mükafatların təsis olunmasında Amerikadan
olan bir neçə milyarder iştirak edir. Onların etimad göstərdiyi alimlərdən
ibarət heyət təqdim edilən həlli yoxlayacaq və onun doğru olub-olmadığına qərar
verəcək. Yalnız bundan sonra həmin şəxsin Riman hipotezini həqiqətən həll
edib-etmədiyi məlum olacaq. Hələlik isə onun iddiası bundan ibarətdir ki, bu problemi
süni intellektin köməyi ilə həll edib”.
Məhəbbət Tərlanoğlu
20:30 23.11.2026
Oxunuş sayı: 51