Keçmiş diplomat Qərbin Rusiya siyasətini sərt tənqid edib
NATO-nun Rusiyaya qarşı tətbiq etdiyi təzyiq siyasətinin effektivliyi yenidən müzakirə mövzusuna çevrilib. Böyük Britaniyanın keçmiş diplomatı İen Praud hesab edir ki, alyansın Moskvanı zəiflətmək üçün istifadə etdiyi sanksiyalar və Ukraynaya maliyyə dəstəyi gözlənilən nəticəni verməyib.
Crossmedia.az xəbər verir ki, keçmiş diplomat bu barədə sosial şəbəkənin "X" platformasındakı paylaşımında bildirib.
Praud NATO-nun Rusiyaya qarşı təsirli təzyiq vasitələrinin olduğu barədə fikirləri istehza ilə şərh edib. Onun sözlərinə görə, alyansın təklif etdiyi əsas addımlar Ukraynaya daha çox maliyyə ayırmaq və Rusiya vətəndaşlarının Avropaya səfərlərini məhdudlaşdırmaqdan ibarətdir.
Keçmiş diplomat bu siyasətin daha geniş eskalasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, həmçinin Qərbin Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərinin Avropa və ABŞ-da enerji, yanacaq və ərzaq qiymətlərinin artmasına təsir göstərdiyini iddia edib.
Qeyd edək ki, Avropa İttifaqı Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edir. Moskva isə dəfələrlə bu məhdudiyyətlərin Rusiya iqtisadiyyatını zəiflətmək məqsədinə çatmadığını bəyan edib.
22:45 23.11.2026
Oxunuş sayı: 48