ABŞ-nin ən böyük hava limanlarından biri müvəqqəti bağlanıb
ABŞ-nin Çikaqo şəhərində yerləşən O'Hare Beynəlxalq Hava Limanında kadr çatışmazlığı səbəbindən təyyarələrin qəbulu müvəqqəti dayandırılıb. Məhdudiyyət təxminən bir saat yarım davam edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının məlumatında bildirilib.
Qurumun açıqlamasına görə, qərar Çikaqo hava hərəkətinə nəzarət mərkəzində (TRACON) personal çatışmazlığı ilə əlaqədar qəbul edilib.
FAA-nın məlumatına əsasən, təyyarələrin hava limanına enişinə qoyulan qadağa yerli vaxtla saat 10:40-dan 12:15-dək qüvvədə olub.
Hadisədən əvvəlki 24 saat ərzində O'Hare hava limanında təxminən 10 reys ləğv edilib, orta gecikmə müddəti isə 15 dəqiqə təşkil edib.
Qeyd olunur ki, insident ABŞ-də ilin ən sıx səyahət həftəsinin başlanğıcına, Şükranlıq Günü ərəfəsinə təsadüf edib. Bu dövrdə milyonlarla amerikalı ölkə daxilində və xaricə səfərə çıxır.
Bu, son iki həftə ərzində ABŞ aviasiya sistemində qeydə alınan ikinci ciddi nasazlıqdır. Bundan əvvəl texniki problem FAA-nı ölkə üzrə uçuşların qəbulunu təxminən beş saat müddətinə dayandırmağa məcbur etmiş, nəticədə aviaşirkətlər minlərlə reysi ləğv etmişdi.
23:13 23.11.2026
Oxunuş sayı: 30