Sibirdə mənzilin dərmanlanması üç nəfəri xəstəxanalıq edib
Rusiyanın Sibir bölgəsində yerləşən Açinsk şəhərində həşəratlara qarşı kimyəvi dərmanlama aparılan mənzildən yayılan zəhərli qoxu üç nəfərin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.
Crossmedia.az xəbər verir ki, "Gazeta.ru" nun məlumatına görə, hadisə yaşayış binalarından birində baş verib.
Məlumata görə, binanın girişində kəskin və boğucu qoxu yaranıb. Sakinlər boğazlarında qıcıqlanma və gözlərində yanma hiss etdiklərindən təcili yardım xidmətinə müraciət ediblər.
Hadisə yerinə gələn xilasedicilər binadan 15 nəfəri təxliyə ediblər. Onlardan üçü xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, birinci mərtəbədəki mənzilin sahibi həşəratlara qarşı xüsusi dərmanlama aparılmasını sifariş edib. Mənzildə yaşayan qohumunun yaşayış şəraiti baxımsız vəziyyətdə olduğundan dezinfeksiya işlərinə ehtiyac yaranıb.
Hadisə ilə bağlı polis araşdırma aparır. Zərərçəkənlərin hazırkı vəziyyəti barədə məlumat verilməyib.
Qeyd edək ki, 2024-cü ildə Rusiyanın Krasnaya Sopka kəndində insektisid buxarlarından zəhərlənmə nəticəsində bir ailənin dörd uşağı həyatını itirmişdi. İstintaqın məlumatına görə, hadisə mənzildə diklorvos püskürdülərkən təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş vermişdi.
23:52 23.11.2026
Oxunuş sayı: 23