Azərbaycanın turizm imkanları Ankarada beynəlxalq sərgidə nümayiş etdirilir
Türkiyənin Ankara şəhərində keçirilən 9-cu “TRAVELEXPO ANKARA” Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycanın turizm imkanları təqdim olunur.
Agentlikdən crossmedia.az-a verilən məlumata görə, Türkiyənin müxtəlif regionlarından və 20-dən çox ölkədən turizm sənayesi nümayəndələrini bir araya gətirən sərgi turizm istiqamətlərinin tanıdılması və beynəlxalq işgüzar əlaqələrin qurulmasına xidmət edir.
Türkiyə bazarında Azərbaycanın tanıdılması istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi sərgidə milli stendlə təmsil olunur.
Stend Azərbaycanın Türkiyədəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq əsasında təşkil edilib. Bu il “Mədəniyyət, konqres və destinasiya turizmi – Türk dünyasının turizm görüşü” mövzusuna həsr olunan sərgidə Azərbaycanı iki yerli turizm şirkəti təmsil edir.
Azərbaycan stendində ölkənin qış turizmi potensialına xüsusi diqqət yetirilir. Ziyarətçilərə dağ-xizək kurortları, dağ turizmi və qış mövsümündə aktiv istirahət imkanları barədə məlumat verilir. Bununla yanaşı, Azərbaycanın mədəni irsi, qastronomiyası, təbii turizm resursları və müxtəlif mövsümlərdə səyahət imkanları təqdim olunaraq ölkənin ilboyu turizm istiqaməti kimi tanıdılması hədəflənir.
Milli stendi Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ziyarət ediblər.
Noyabrın 21-dək davam edəcək sərgidə iştirakın əsas məqsədi Azərbaycanın turizm potensialını Türkiyə və digər ölkələrin turizm sənayesi nümayəndələrinə tanıtmaq, B2B görüşlər vasitəsilə yeni işgüzar əlaqələr qurmaq və iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarını genişləndirməkdir.
14:47 20.11.2026
Oxunuş sayı: 108