Nərə balıqlarının nəsli tükənir - Ekoloji böhran qapıda
Xəzər dənizinin ekoloji balansı və bioloji müxtəlifliyi üçün növbəti həyəcan siqnalı Qazaxıstan sahillərindən gəlib. Qazaxıstanın Manqistau vilayətində, Qaraqiya rayonunun Sarja ərazisi ilə Kumdı adası arasındakı sahil zolağında nərə cinsinə aid 173 ölü balığın aşkarlanması dənizdəki eko-fəlakətin görünməyən miqyasını bir daha gözlər önünə sərib. Oktyabrın 20-də Jayıq-Xəzər Regionlararası Hövzə Balıqçılıq Müfəttişliyi və regional idarə əməkdaşlarının keçirdiyi reyd zamanı tapılan bu kütləvi tələfatın səbəblərini araşdırmaq məqsədilə xüsusi dövlət komissiyası yaradılıb, dənizdən su nümunələri götürülərək laborator analiqlərə təqdim edilib. Lakin mütəxəssislər bildirirlər ki, sahilə vuran bu ölü balıqlar təkcə lokal bir hadisənin deyil, illərdir Xəzəryanı ölkələrin amansız istismarı, dənizin sürətlə çirklənməsi, səviyyənin düşməsi və qida zəncirinin qırılmasının ağır nəticəsidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Sadiq Həsənov Xəzər dənizinin "şah balığı" sayılan nərə növlərinin kütləvi azalmasının və tələf olmasının kökündə duran əsas səbəblərdən danışıb:

"Nərə balıqları bir zamanlar Xəzər dənizinin şah balığı hesab olunurdu və demək olar ki, dünyada istehlak edilən nərə balıqları əsasən Azərbaycanda, Xəzər sahillərində ovlanırdı. Həm Kür sütunundan, həm də balığın özündən kütləvi şəkildə istifadə edilirdi; 40-50 il bundan qabaq bazarlarımız bu balıqlarla dolu idi. Lakin müstəqillik illərində nərə balığının və kürünün dünya bazarında qiymətinin baha olması onun amansızcasına istismar olunmasına, balıqların kürü tökən anında tutularaq məhv edilməsinə gətirib çıxardı. Həm Azərbaycanda, həm Qazaxıstanda, həm də Rusiyada kütləvi ovlanma nəticəsində nərə populyasiyasına amansız bir zərbə vuruldu".
Ekoloq bildirib ki, hazırda bu balıqların məhvini sürətləndirən mürəkkəb ekoloji faktorlar mövcuddur: "İlk növbədə, Xəzər dənizinin neft-qaz hasilatı və şəhərlərdən axıdılan məişət-çirkab suları ilə həddindən artıq çirklənməsi böyük fəsadlar törədir. Çirkab sularının tərkibindəki azot sahilboyu ərazilərdə yosunlaşmanı sürətləndirir, dənizdəki oksigeni özünə çəkərək balıqların yem bazasını məhv edir və oksigen azlığından kütləvi ölümlərə yol açır. Digər tərəfdən, iqlim dəyişikliyi fonunda dəniz səviyyəsinin kəskin aşağı düşməsi dibdə olan ağır metal və digər toksik elementlərin konsentrasiyasını artırır ki, bu da balıqların zəhərlənməsi ilə nəticələnir.
Məhsuldarlığın kəskin düşməsində miqrasiya yollarının bağlanması da böyük rol oynayır. Nərə balıqları kürüləmək üçün şirin sulara üzürlər. Vaxtilə akademik Məmməd Salmanovun da qeyd etdiyi kimi, nərə balıqları Kür çayı ilə Türkiyəyə — Anadoluya qədər üzüb gedir, sərbəst kürü tökürdülər. İndi isə Kür və Volqa çaylarında tikilən çoxlu su elektrik stansiyaları və bəndlər bu miqrasiya yollarını bağlayaraq balıqların artım potensialını kəskin endirib. Eyni zamanda dənizdə qida zənciri də pozulub; Xəzərə sonradan gətirilən kifal balığı və sürətlə çoxalaraq kiçik balıqları yeyən meduzalar nərə balıqlarını əsas yem bazasından məhrum edir".
Sadiq Həsənov vurğulayıb ki, bu təhlükəli gedişatın qarşısını almaq üçün Xəzəryanı ölkələr təcili olaraq birgə obyektiv monitorinqlər keçirməli və çirklənmə mənbələrini dərhal aradan qaldırmalıdırlar: "Avropa təcrübəsində olduğu kimi, Kür və Volqa çaylarının dənizə tökülən hissələrindəki bəzi su anbarları ya bağlanmalı, ya da balıqların rahat keçidi üçün xüsusi ekoloji dəhlizlər yaradılmalıdır. Eyni zamanda braqonyerliyə qarşı mübarizə sərtləşdirilməli və xüsusi kvotalar tətbiq olunmalıdır. Azərbaycanda balıqartırma zavodları fəaliyyət göstərsə də, dənizdə əlverişli mühit olmadığı üçün dənizə buraxılan körpə balıqlar ya çirklənmədən məhv olur, ya braqonyerlərə yem olur, ya da qida tapmayıb tələf olurlar. Sistemli ekoloji tədbirlər görülməzsə, Xəzər nərəsini tamamilə itirmək təhlükəsi qaçılmaz olacaq".
Zeynəb Həsən
15:15 21.10.2026
Oxunuş sayı: 45