Tramp Ukraynanı sülhə çağırıb
ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya ilə müharibəni dayandırmaq üçün danışıqlara getməyə çağıraraq Kiyevə təzyiqlərini artırıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Oktyabrın 20-də Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Ukrayna müharibənin başa çatmasında maraqlı olmalı və Rusiya ilə razılığa gəlməyə çalışmalıdır.
ABŞ Prezidenti Rusiyanın hərbi əməliyyatları davam etdirərək hər həftə yeni ərazilər üzərində nəzarəti ələ keçirdiyini iddia edib.
Tramp Rusiyanın böyük insan resurslarına malik olduğunu, Ukraynanın isə bu baxımdan Moskva ilə müqayisədə daha məhdud imkanlarının olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna əhalisinin müharibənin davam etməsinə nə qədər dözə biləcəyi də sual altındadır.
ABŞ Prezidenti sülh razılaşmasının əldə olunması üçün Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüşün mütləq olmadığını da bildirib.
Tramp, həmçinin Rusiyada saxlanılan ABŞ vətəndaşı Stiven Habbardın azad edilməsi məsələsini Putinlə müzakirə etdiyini açıqlayıb.
O, Rusiya Prezidentindən Habbardın azad olunmasını xahiş etdiyini və bu istiqamətdə nəticə əldə olunacağına ümid etdiyini bildirib.
14:08 21.10.2026
Oxunuş sayı: 99