İndoneziyada kütləvi etirazlar başlayıb
İndoneziyanın bir neçə şəhərində tələbələr və ictimai fəallar hökumətin iqtisadi siyasətinə, qiymət artımına və meşə yanğınları ilə bağlı vəziyyətə etiraz ediblər.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Oktyabrın 20-də paytaxt Cakarta ilə yanaşı, Yogyakarta, Bandunq və digər şəhərlərdə keçirilən aksiyalarda hökumətdən təcili tədbirlər görülməsi tələb olunub.
Etirazçıların əsas tələblərindən biri genişmiqyaslı meşə və torpaq yanğınlarının milli fəlakət elan edilməsidir. Onlar yanğınların səbəblərinin araşdırılmasını, məsul şəxslərin cəzalandırılmasını və zərərçəkmiş ərazilərin bərpasını istəyiblər.
Tələbələr, həmçinin yaşayış xərclərinin artmasına, hökumətin iqtisadi siyasətinə və təhsil sistemindəki problemlərə etirazlarını bildiriblər.
Cakartada keçirilən nümayişlərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və ifadə azadlığının təmin olunması da tələb edilib.
Məlumata görə, etiraz aksiyaları fonunda paytaxtda ictimai asayişin qorunması üçün təxminən 9 500 polis əməkdaşı səfərbər edilib.
Qeyd edək ki, aksiyalar Prezident Prabovo Subiantonun hakimiyyətə gəlməsinin ikinci ildönümünə təsadüf edib.
14:10 21.10.2026
Oxunuş sayı: 119