Pullar tarixə qovuşur? – İlon Maskdan iddia
Amerikalı milyarder İlon Mask gələcəkdə ənənəvi pulun əhəmiyyətini itirəcəyini, onun yerini enerji və fiziki resurslara əsaslanan yeni dəyər ölçülərinin tutacağını proqnozlaşdırıb.
Crossmedia.az xəbər verir ki, Mask bu barədə bioqrafı Volter Ayzeksona “The Builders” podkastında müsahibəsi zamanı danışıb.
Sahibkarın sözlərinə görə, gələcəkdə dəyər elektrik gücü, vatt, kütlə və enerji kimi fiziki göstəricilərlə ölçülə bilər.
“Pul əhəmiyyətini itirəcək. Gələcəkdə ənənəvi valyutanın heç bir önəmi olmayacaq”, – deyə Mask bildirib.
O hesab edir ki, robototexnika, süni intellekt və kosmosun mənimsənilməsi sahəsindəki inkişaf dünya iqtisadiyyatının miqyasını dəfələrlə artıra bilər.
Maskın fikrincə, bu texnologiyalar sayəsində insanların əsas və əlavə ehtiyaclarını ödəmək üçün istənilən məhsul və xidmətin istehsalı son dərəcə asanlaşacaq. Nəticədə ənənəvi maliyyə yığımlarının praktiki əhəmiyyəti azalacaq.
Milyarder insanların çox vaxt resursların bölüşdürülməsi ilə şəxsi istehlakı qarışdırdıqlarını da vurğulayıb. Onun sözlərinə görə, hər bir insanın istehlak imkanlarının müəyyən həddi var.
Qeyd edək ki, Mask daha əvvəl də gələcəkdə pulun tamamilə yox ola biləcəyini və dəyərin vattla ölçülməsi ehtimalını dilə gətirib.
O, həmçinin süni intellektin geniş tətbiqinin yarada biləcəyi işsizlik probleminin həlli üçün vətəndaşlara universal yüksək gəlirin təmin edilməsini təklif edib.
13:00 21.10.2026
Oxunuş sayı: 189