Uitkoff Rusiya və Ukrayna arasında danışıqların bərpasını təklif edib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli sülh danışıqlarının bərpa olunmasına ümid etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “İnterfaks” agentliyi bu barədə məlumat yayıb.
Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə üçtərəfli danışıqların yenidən başlanması imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Onun sözlərinə görə, danışıqlar ilkin mərhələdə texniki işçi qrupları səviyyəsində keçirilə və münaqişənin həlli ilə bağlı praktiki məsələləri əhatə edə bilər.
ABŞ nümayəndəsi Ukraynada müharibə başa çatdıqdan sonra Vaşinqton və Moskva arasında iqtisadi münasibətlərin inkişafı üçün perspektivlərin olduğunu da vurğulayıb.
Uitkoff, həmçinin Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükünə dair əldə olunan razılaşmanı iki ölkənin birgə fəaliyyət nəticəsində nələrə nail ola biləcəyinin nümunəsi adlandırıb.
O, razılaşmaya görə ABŞ Prezidenti Donald Trampın adından Vladimir Putinə təşəkkürünü çatdırıb.
14:54 21.10.2026
Oxunuş sayı: 51