Neft yenidən BAHALAŞIR: Ən böyük həftəlik yüksəliş
Birjalarda xam neft qiymətləri iyul ayından bəri ən böyük həftəlik artım nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, bazarlarda ABŞ və İran arasında yenidən baş verən hərbi toqquşmaların Hörmüz boğazından enerji axınlarında daimi fasilələrə səbəb olacağı ilə bağlı narahatlıqlar artır. Neft qiymətləri ABŞ və İran arasında toqquşmaların şiddətlənməsi fonunda həftəlik artıma hazırlaşır.
Həftə ərzində “Brent” markalı xam neftin qiyməti 7 faiz artıb. Hazırda Londonun ICE birjasında “Brent”in bir bareli 95 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı xam neftin bir barelinin qiyməti 90 dollar civarındadır.
Ekspertlərin fikrincə, bazarlar neft qiymətlərini yenidən qiymətləndirməyə başlayıb, təhlükəsizlik məsələləri həll olunmadığı müddətcə risklər yüksək olaraq qalır. ABŞ administrasiyasının İranla qeyri-müəyyən müddətə müharibə aparmaq niyyətində olmadığını bildirən açıqlamaları və Hörmüz boğazından neft daşınmasının davam etməsi xəbərləri geosiyasi risklərlə bağlı narahatlıqları artırıb.
Belə ki, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Birləşmiş Ştatlarda və beynəlxalq bazarlarda neft qiymətlərinin yüksək olmasında İranı günahlandırıb. O, İran ordusunun Hörmüz boğazından keçən neft tankerlərinə atəş açmağı dayandırmasının vacibliyini qeyd edib.
Vitse-prezidenti ABŞ-nin Hörmüz boğazını neft tankerləri üçün açıq saxlamasının qlobal enerji böhranının qarşısını aldığını deyib, İrana kommersiya gəmilərinə hücumları dayandırmaq üçün təzyiq göstərdiklərini bildirib. O, ABŞ-nin hazırda İranla danışıqlar aparmadığını, lakin Vaşinqtonun Tehrana qarşı növbəti addımları ilə bağlı bütün variantların masada olduğunu söyləyib.
CNN-nin məlumatına görə, ABŞ qüvvələri Hörmüz boğazından neft daşınmalarının münaqişədən əvvəlki səviyyələrə yaxın səviyyədə olmasını təmin edib. Bildirilir ki, ABŞ ordusu Hörmüz boğazından ümumilikdə 18 milyon barel neft daşıyan 40 ticarət gəmisini müşayiət edib və əməliyyatlar zamanı bölgədəki təxminən 60 İran hərbi hədəfinə də zərbə endirilib.
Münaqişədən əvvəl Hörmüz boğazından gündəlik orta hesabla təxminən 20 milyon barel xam neft və neft məhsulları daşınırdı.
Bundan başqa, Yaxın Şərqdəki münaqişə və Rusiya-Ukrayna müharibəsinin təsiri səbəbindən dizel yanacağının qiyməti xam neftdən daha kəskin şəkildə artıb. Belə ki, ABŞ-də pərakəndə dizel qiymətləri 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə çatıb.
Qeyd edək ki, “Brent” neftinin qiyməti ilin əvvəlindən bəri təxminən 60 faiz artıb.
13:04 04.09.2026
Oxunuş sayı: 47