Tərlan Qurbanəliyev: Çempionluğa hazırıq
Azərbaycanın "Elit polo club" komandası Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu turnirinin favoritidir.
Crossmedia.az xəbər verir ki, bunu komandanın üzvü Tərlan Qurbanəliyev deyib.
O, öncə yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib:
"İlk növbədə yaradılan şəraitə və gözəl tədbirlərə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasına (ARAF) dərin təşəkkürümü bildirirəm. Bizi möhtəşəm turnir gözləyir. Yaxşı hazırlaşmışıq, rəqiblərimizi izləmişik və necə oynadıqlarını bilirik. Düzdür, biz ot örtüyündə oynamışıq, amma qumda da oynamağa hazırıq. Bayrağımızı turnirin çempionu kimi dalğalandıracağımıza inanıram".
T.Qurbanəliyev Azərbaycan təmsilçisini turnirin favoriti hesab edir:
"Turnirdəki bütün komandalar eyni gücdədir. Bizim üstünlüyümüz var - özümüzə güvənirik və yarış ölkəmizdə keçirilir. Ona görə də favorit özümüzü sayıram".
Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 11-13-də "Sea Breeze" istirahət mərkəzində təşkil olunacaq. Yarışın rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və "Sea Breeze"dir.
Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.
12:51 04.09.2026
Oxunuş sayı: 51