Ukrayna və Polşa dünya çempionatını birgə keçirmək istəyir
Ukrayna və Polşa futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etmək üçün namizədlik ərizəsi təqdim etmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Ukraynanın idman naziri Matvey Bednıy bildirib ki, dünya çempionatının keçirilməsi üçün ən yaxın boş tarix 2040-cı illərə təsadüf edir və bu perspektiv indidən planlaşdırılmalıdır.
Nazir xatırladıb ki, Ukrayna və Polşa daha əvvəl böyük futbol turnirinin birgə təşkilində təcrübəyə malikdir. İki ölkə 2012-ci ildə futbol üzrə Avropa çempionatına birgə ev sahibliyi edib.
Hazırda FIFA-ya rəsmi ərizə təqdim edilməyib. Lakin təşəbbüs Kiyev və Varşava nümayəndələri tərəfindən Qdanskda keçirilən Ukraynanın bərpasına dair konfrans çərçivəsində müzakirə olunub.
2026-cı ildə Ukrayna millisi dünya çempionatına vəsiqə qazana bilməyib. Bu isə azarkeşlərin baş məşqçi və komandaya qarşı tənqidlərinin artmasına səbəb olub. Ukrayna futbolçuları sonuncu dəfə 20 il əvvəl dünya çempionatında iştirak edib.
2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. 2034-cü ildə isə turnirin yeganə ev sahibi Səudiyyə Ərəbistanı olacaq.
Bundan əvvəl FIFA UEFA-nı Canni İnfantino ilə bağlı böhtan yaymaqda ittiham edib.
11:23 04.09.2026
Oxunuş sayı: 48