Xərçəng riskini artıran amillər - diqqətli olun
Müasir dövrdə xərçəng xəstəliyinin yayılması və müxtəlif yaş qruplarında rast gəlinməsi cəmiyyətin ən ciddi sağlamlıq problemlərindən biri olaraq qalır. Tibbin sürətli inkişafına, yeni diaqnostika və müalicə üsullarının tətbiqinə baxmayaraq, ekoloji çirklənmə, həyat tərzi, zərərli vərdişlər və digər risk faktorları xəstəliyin profilaktikası məsələsini daha da актуallaşdırır.
Mütəxəssislər bildirirlər ki, xərçəng tək bir xəstəlik deyil və müxtəlif orqan və toxumalarda yaranan çoxsaylı bədxassəli şişləri əhatə edən ümumiləşdirilmiş anlayışdır. Bu baxımdan xəstəliyin yaranma səbəbləri və inkişaf mexanizmləri də hər bir şiş növünə görə fərqlənə bilər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, “xərçəng” sözü bədxassəli şişlərin ümumiləşdirilmiş və simvolik adıdır:
“Ümumiyyətlə, ‘xərçəng’ sözü bədxassəli şişlərin ümumiləşdirilmiş adı və simvolik adıdır. Yəni bu, elmi ad deyil. Hər bir orqanın şişinin öz adı var: epitel şişlərinə karsinoma, birləşdirici toxuma şişlərinə sarkoma və s. deyilir. Bunların çoxsaylı növləri, inkişaf və differensiasiya dərəcələri var. Beləliklə, xərçəng şişlərinin növlərinin sayı 10 mini keçir.
Xərçəng xəstəliyindən söhbət gedərkən nəzərə almaq lazımdır ki, bu, bədəndə inkişaf edən və orqanizmin nəzarətindən çıxmış ikinci inkişafdır. O, orqanizmlə bəslənir və inkişaf edir.

Xərçəng xəstəliyinin profilaktikası çox mühümdür. Amma bu gün biz əhali artımı, artan qida ehtiyacı və günü-gündən pisləşən ekologiya ilə üz-üzəyik.
Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr zamanı çoxlu sayda partlayıcı maddələr, yanacaq məhsulları, müxtəlif kimyəvi tullantılar və karbon qazı atmosferə atılır. Bütün bunlar havada toplanır, küləklər vasitəsilə müxtəlif ərazilərə yayılır və ciddi ekoloji problemlər yaradır.
Havanın çirklənməsi xüsusi əhəmiyyət daşıyır. Atmosfer havasında xərçəng şişlərinin yaranmasına səbəb ola bilən benzopiren törəmələri mövcuddur. Bunlar qazın, neftin və digər qalıq yanacaqların yanma məhsullarıdır. Zavod və istehsalat müəssisələrinin tullantıları da daim atmosfer havasına atılır.
Digər mühüm faktor avtomobillərdir. Xüsusilə iri şəhərlərdə avtomobillərin fəaliyyəti nəticəsində yaranan yanma məhsulları, bəzi hallarda isə nasazlıq səbəbindən yaranan natamam yanma məhsulları atmosferə atılır.
Qidalanma da mühüm rol oynayır. İnsanların qida rasionunda konservləşdirilmiş məhsullar və müxtəlif qida əlavələri artır. Genetik modifikasiya olunmuş məhsullarla xərçəng arasında hələlik birbaşa və ciddi əlaqə müəyyən edilməsə də, qida əlavələri və konservləşdirilmiş məhsulların təsiri ilə bağlı məsələlər diqqətdə saxlanmalıdır.
Bundan başqa, dərmanların və içməli suyun keyfiyyət parametrləri də mühüm faktorlardandır. Yer kürəsində adambaşına düşən içməli su ehtiyatları getdikcə azalır.
Bu gün bir tərəfdən xərçəngin profilaktikası və müalicəsi istiqamətində elmi nailiyyətlər əldə edilir, digər tərəfdən isə pisləşən ekologiya bu problemləri daha da çətinləşdirir. Ona görə də xərçəng xəstəliyi artmaqda davam edir və bəzi hallarda daha aqressiv şəkil alır.
Mövcud müalicə üsullarının da müəyyən çətinlikləri, yan təsirləri və əks-göstərişləri var. Xüsusilə bəzi orqanlarda, o cümlədən mədəaltı vəzidə yaranan şişlər zamanı problemlər daha ağır ola bilir.
Bu gün xərçəngdən qorunmaq üçün həm fərdi, həm də cəmiyyət olaraq maariflənməyə ehtiyacımız var. Qida mədəniyyəti dəyişməlidir. Az qida qəbul edilməli, rasiondan xərçəng şişlərinin yaranmasına səbəb ola bilən və bədəndə sərbəst radikallar yaradan qidalar mümkün qədər çıxarılmalıdır.
Sağlam qidalanmaq, çox hərəkət etmək, təmiz havada gəzmək, siqaret çəkməmək və elektron qəlyan da daxil olmaqla zərərli vərdişlərdən uzaq durmaq vacibdir. Bu addımlar orqanizmi mümkün qədər qorumaq üçün zəruridir.
Xərçəngin bir hissəsi ekoloji amillərə və həmin amillərin yaratdığı mutasiyalara bağlıdır. Təbii ki, genetik faktorlar da var və bütün bunları nəzərə almaq lazımdır”.
Zeynəb Həsən
14:30 04.09.2026
Oxunuş sayı: 52