Dünyada təbii fəlakətlərin QARA STATİSTİKASI: Ölənlərin sayı 43 minə çatır
2026-cı ildə baş verən ən böyük təbii fəlakətlər nəticəsində dünyada ölənlərin sayı 43 minə yaxınlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə təbii fəlakətlər üzrə hesabatda məlumat verilib.
Məlumata görə, ilin ən çox insan itkisinə səbəb olan hadisəsi Avropada qeydə alınan anomal istilərdir. Yüksək temperaturun yaratdığı ölüm hallarının sayı qitənin bir sıra ölkələrində minlərlə ölçülüb. Avropada 2026-cı ilin yayında genişmiqyaslı meşə yanğınları və quraqlıq da müşahidə olunub. Reuters-in məlumatına görə, ekstremal istilərlə əlaqəli artıq ölüm hallarının sayı beş ölkə üzrə təxminən 10 minə çatıb.
Venesueladakı zəlzələlər
Gözlənilmədən baş verən təbii fəlakətlər arasında ən ağır nəticə 24 iyunda Venesuelada qeydə alınan ikiqat zəlzələnin payına düşüb. Hadisə nəticəsində ölənlərin sayının 6 509 nəfərə çatdığı bildirilir. Fəlakət ölkədə geniş dağıntılara və çoxsaylı xəsarətlərə səbəb olub.
Hesabatda Venesueladakı zəlzələlərin 2026-cı ilin ilk yarısında ən dağıdıcı təbii fəlakət olduğu da qeyd edilir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, iyunun 24-də bölgədə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib.
Digər ölkələrdə fəlakətlər
Siyahıya Kolumbiyada baş verən zəlzələ də daxil edilib. Bu hadisə nəticəsində 331 nəfərin öldüyü bildirilir.
Çində baş verən “Maisak” tayfunu isə ən azı 159 insanın həyatına son qoyub.
Bundan başqa, Zimbabve, Keniya, Hindistan, İndoneziya, Filippin və digər ölkələrdə baş verən daşqınlar və zəlzələlər də ilin ən ağır təbii fəlakətləri sırasında yer alıb.
Mütəxəssislər bildirirlər ki, 2026-cı ildə ekstremal istilər, daşqınlar, zəlzələlər və digər təbii hadisələr müxtəlif regionlarda ciddi insan itkisi və infrastruktur dağıntıları ilə nəticələnib.
14:06 04.09.2026
Oxunuş sayı: 45