Əraqçı Avropanı Ukrayna müharibəsini uzatmaqda ittiham edib
İranın xarici işlər naziri Abbas Əraqçı Avropa ölkələrini yanlış siyasət yürütməkdə və beynəlxalq münaqişələrin uzanmasına səbəb olmaqda ittiham edib. O, Avropanın Rusiya-Ukrayna müharibəsinin davam etməsində və İsrailə dəstəyi ilə Qəzzada fələstinlilərin öldürülməsində məsuliyyət daşıdığını iddia edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı Avropanın reallığı görməli olduğunu bildirib. Onun sözlərinə görə, avropalılar da amerikalılar kimi yanlış hesablamalar və səhv fərziyyələr əsasında hərəkət edirlər.
Əraqçı qeyd edib ki, Avropa ölkələri yürütdükləri yanlış siyasətlə dünyada baş verən bir çox müharibə və problemlərə görə məsuliyyət daşıyırlar. O, bu siyasətin Ukraynada müharibənin uzanmasına səbəb olduğunu iddia edib.
Nazir Avropa ölkələrinin İsrailə qeyd-şərtsiz və davamlı dəstəyini də tənqid edib. Onun iddiasına görə, bu dəstək nəticəsində yüz minlərlə fələstinlinin, o cümlədən yalnız Qəzza zolağında 80 mindən çox insanın öldürülməsinə görə Avropa ölkələri də məsuliyyət daşıyır.
Əraqçı əlavə edib ki, Avropanın yanlış siyasəti çoxsaylı müharibələrə yol açıb. O, İrana qarşı başladılan müharibəni də ciddi yanlış hesablamanın nəticəsi kimi xarakterizə edib.
20:03 19.10.2026
Oxunuş sayı: 48