Ebola səkkizinci əyalətə yayıldı - Koronavirus kimi pandemiya təhlükəsi varmı?
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu narahatlıq doğuran coğrafi miqyas almaqda davam edir. KDR Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən İctimai Səhiyyə İnstitutunun rəsmi məlumatına əsasən, virus ölkənin artıq səkkizinci əyalətinə yayılıb. Şimali Ubanqi əyalətində iki nəfərin Ebola virusuna yoluxduğu təsdiqlənib və yoluxan şəxslərdən biri artıq həyatını itirib.
Xəstəliyin yeni ərazilərə sıçraması qlobal səhiyyə qurumlarının diqqətini bir daha Afrika regionuna yönəldib. Yüksək ölüm göstəricisi ilə seçilən bu təhlükəli infeksiyanın yayılma tempi, profilaktik tədbirlər və digər ölkələr üçün nə dərəcədə risk yaradıb-yaratmadığı məsələsi yenidən gündəmin əsas müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən səhiyyə eksperti Rasif Bağırov bildirib ki, Ebola virusunun yayılma mexanizmi digər respirator infeksiyalardan köklü şəkildə fərqlənir:

"Ebola ilk dəfə 1976-cı ildə Konqo və Sudanda tapılıb və Ebola çayının sahilində aşkarlandığı üçün bu adı alıb. Bu virus hava-damcı yolu ilə yayılmır. Xəstələr kiminləsə söhbət edərkən və ya danışarkən xəstəliyin ötürülməsi baş vermir. İnfeksiya yalnız birbaşa təmasla — xəstə ilə əl sıxmaq, qan və ya sperma vasitəsilə keçə bilər. İnkubasiya dövrü 3 gündən 18 günə qədərdir. Gizli dövrdə xəstə şəxs cinsi tərəfdaşına da sperma vasitəsilə virusu ötürə bilər".
Səhiyyə eksperti vurğulayıb ki, xəstəliyin lokallaşdırılması mümkündür və koronavirus kimi kütləvi pandemiya qorxusu yoxdur:
"Ebola çox uzun illərdir ki, Ümumdünya Səhiyyə Təşkilatının nəzarətindədir və əsasən Konqo və Sudan kimi alovlanma ocaqlarında tez bir zamanda izolyasiya edilir. Bu, ağır xəstəlikdir və hardasa 40-50% ölüm nisbəti verə bilir. Həkimlər xəstələrlə xüsusi qoruyucu geyim, maska və əlcəklə işləyirlər, çünki hətta ölmüş xəstənin meyitinə toxunmaqla da yoluxma baş verir. Ticarətçilər və ya səyahət edənlər vasitəsilə başqa ölkələrə ötürülmə riski olsa da, təmasda olan şəxslər dərhal nəzarətə götürülür. Bu virusun korona kimi kütləvi yayılma təhlükəsi yoxdur. Peyvəndləmə isə yalnız risk zonasında olan əhaliyə və xəstələrlə çalışan tibb heyətinə vurulur, bütün əhalini peyvəndləməyə ehtiyac qalmır".
Zeynəb Həsən
19:00 19.10.2026
Oxunuş sayı: 54