Avropa Komissiyasının qərəzli xarici siyasəti daxili böhranı kölgədə qoymaq məqsədi daşıyır - Politoloq
Avropa İttifaqında dərinləşən sosial-iqtisadi gərginlik və yaşayış xərclərinin kəskin artması fonunda kütləvi etiraz dalğası Fransadan sonra İtaliyaya da sıçrayıb. Milan və Bolonya şəhərlərində nümayişçilərlə polis qüvvələri arasında şiddətli toqquşmalar baş verib və iğtişaşlar nəticəsində azı 60 nəfər xəsarət alıb. Milanda qrup şəklində toplaşan etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və petardalar atıb, küçələrdə barrikadaları yandıraraq mağazaların vitrinlərini sındırıblar. Polis insidentlərə cavab olaraq ticarət mərkəzlərində və populyar küçələrdə partlayış səslərinin eşidildiyi aksiyaları gözyaşardıcı qaz və su şırnaqları ilə dağıtmağa çalışıb. Ölkədə sosial problemlərin həll edilməməsinə qarşı baş qaldıran bu qarşıdurmalar Aİ miqyasında zəncirvari böhran təhlükəsini daha da kəskinləşdirib. Fransada 2500-dən artıq insanın həbsilə müşayiət olunan genişmiqyaslı aksiyaların ardınca İtaliyadakı bu hadisələr Avropa strukturlarının daxili problemlərə göz yummasının məntiqi nəticəsi kimi qiymətləndirilir. Avropa Komissiyası öz daxilində dərinləşən sosial-iqtisadi böhranı və əhalinin kütləvi narazılığını aradan qaldırmaq əvəzinə, diqqəti başqa ölkələrin daxili işlərinə yönəldir və Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə məşğul olur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Fikrət Sadıqov İtaliyadakı proseslərin geostrateji və daxili səbəblərini şərh edib:

"Təbii ki, İtaliyada baş verən hadisələr tam olaraq Fransaya bənzəmir, çünki Fransada daha genişmiqyaslı etirazlar və iğtişaşlar gedir. 2500 nəfərdən artıq insan həbs olunub. Lakin İtaliyadakı proseslər daha böyük dalğanın başlanğıcı ola bilər, çünki belə hadisələr bir çox hallarda zəncirvari xarakter daşıyır. Bu hadisələr ilk növbədə İtaliya hökumətinin daxildəki ciddi sosial problemlərə, təhsil və pensiya məsələlərinə lazımi diqqət yetirməməsindən qaynaqlanır. Etirazçılar hesab edirlər ki, bu problemlər təcili və operativ şəkildə həll olunmalıdır".
Politoloq xüsusi olaraq vurğulayıb ki, Avropa Komissiyasının qərəzli xarici siyasəti daxili böhranı kölgədə qoymaq məqsədi daşıyır:
"Bütün bu proseslər Avropa İttifaqını silkələyir. Lakin Avropa Komissiyası belə ciddi daxili məsələlərə diqqət yetirmək əvəzinə, başqa ölkələrdəki hadisələri qabardır, tənqidlərlə məşğul olur və güya Qarabağdan ermənilərin qovulması ilə bağlı Azərbaycana qarşı əsassız qətnamələr qəbul edir. Düşünürəm ki, əgər İtaliya hökuməti təcili addımlar atmasa və xalqa müsbət təsir edəcək konkret qərarlar qəbul etməsə, bu etirazlar daha genişmiqyaslı xarakter alacaq və hətta Fransanı da geridə qoyacaq".
Zeynəb Həsən
20:00 19.10.2026
Oxunuş sayı: 47