Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Oğulcahan Atabayeva birgə fəaliyyət sayəsində Azərbaycan-Türkmənistan qardaşlıq münasibətlərinin iki fond səviyyəsində də dinamik inkişaf etdiyini bildirib. O, bir çox ölkədə nümayiş etdirilmiş və sabah açılışı nəzərdə tutulan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin dərin məna daşıdığını diqqətə çatdırıb. O.Atabayevanın sözlərinə görə, incəsənət xalqları və millətləri birləşdirən universal beynəlxalq dildir. Bu sərgi yalnız mənəvi-mədəni zövq bəxş etmir, hətta ətraf mühitin mühafizəsi məsələlərinə də diqqət çəkir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki ölkəni birləşdirən ortaq ənənələri və mədəni irsi xüsusi qeyd edib. O, hər iki ölkənin üzləşdiyi ümumi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə diqqət çəkərək, MAMA "Ana təbiət" sərgisinin ictimaiyyətin diqqətini məhz bu mövzuya cəlb etmək məqsədi daşıdığını deyib. Leyla Əliyeva hər bir insanın təbiətə qarşı məsuliyyətli olmasının və birgə evimiz olan planetimizə qayğı göstərməyin vacibliyini qeyd edib. O, həmçinin su ehtiyatlarının qorunması problemlərini işıqlandıran Heydər Əliyev Fondunun "Bir damcı" layihəsini də xatırladıb.
22:20 19.10.2026
Oxunuş sayı: 56