Qərb müsəlman dövlətlərinin dirçəlməyinə imkan verməyəcək
Avropa İttifaqının ABŞ-nin İrana qarşı başladığı “Economic Outcast” iqtisadi təzyiq kampaniyasına qoşulması Tehran üzərində maliyyə və iqtisadi təzyiqin genişlənməsinə səbəb ola biləcək mühüm addımdır. ABŞ Maliyyə naziri Skott Bessentin açıqlamasına görə, kampaniyanın məqsədi İranın nüvə və silah proqramları, eləcə də regional tərəfdaşlarını maliyyələşdirməsi üçün istifadə etdiyi maliyyə kanallarını məhdudlaşdırmaqdır. Vaşinqton artıq İranın neft gəlirlərinə, bank sektoruna, gəmiçilik, qızıl, aviasiya və kriptovalyuta sahələrinə qarşı tədbirlər həyata keçirir.
Politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Qərb ölkələrinin İrana qarşı mövqeyinin sərtləşməsi dünyada geosiyasi parçalanmanın daha açıq xarakter alması ilə bağlıdır:
“Avropa ölkələrinin, Avropa İttifaqının və Qərb dövlətlərinin İrana qarşı artıq səfərbər olması təsadüfi deyil. Hazırda Qlobal Cənuba qarşı Qlobal Şimal tərəfindən çox böyük təzyiqlər tətbiq olunur. İranın Amerika Birləşmiş Ştatları ilə mücadiləsində müqavimət göstərməsi, eləcə də yeni texnologiyalardan istifadə etməklə təsirli zərbələr endirməsi onu göstərir ki, artıq Qərb birliyində anti-İran istiqamətində özünəməxsus bir səfərbərlik başlanılıb. İran bir neçə dəfə hətta Avropa ölkələrini xəbərdar edib ki, əgər onlar Amerikanın tərəfində İrana qarşı hücumlarda iştirak etsələr və öz hərbi potensiallarından istifadə etsələr, İran onlara da zərbə endirə bilər. Son hadisələrdə İranın Hind okeanında və ya İngiltərəyə məxsus Dieqo Qarsiya bazasına endirdiyi zərbələr, hər halda, ora iki ballistik raketin göndərilməsi özünəməxsus xəbərdarlıq idi. Yəni mesaj ondan ibarət idi ki, bizim texniki və texnoloji hazırlığımız var və siz əgər qırmızı xətləri keçsəniz, biz hətta sizə qarşı hücum tətbiq edə bilərik, yəni biz özümüzü müdafiə edəcəyik. Digər tərəfdən, İran Bolqarıstana ünvanlı şəkildə də xəbərdarlıq göndərib ki, əgər siz Amerika Birləşmiş Ştatlarına öz hərbi bazalarınızı təqdim edirsinizsə, onlar oradan bizə qarşı hava hücumlarına başlasalar və sizin hava limanlarınızdan istifadə etsələr, siz potensial hədəfə çevrilirsiniz”.

Politoloqun sözlərinə görə, İran ətrafında baş verən proseslər daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsidir. O hesab edir ki, nüvə məsələsi də bu qarşıdurmada əsas arqumentlərdən biri kimi irəli sürülür:
“Burada əsas məsələ ondan ibarətdir ki, artıq dünyada parçalanma gedir. Bu əvvəllər də var idi, amma bir qədər üstüörtülü xarakter daşıyırdı. Amma indi Amerika və İsrailin İrana açıq-aşkar təcavüz etməsi onu göstərdi ki, Şərqdə, xüsusilə də müsəlman aləmində dövlətlərin dirçəlməsinə Qərb imkan verməyəcək. Burada nüvə problemi özü-özlüyündə bir bəhanədir. Yəni onun heç əsası da yoxdur. Digər tərəfdən, İran əgər 2015-ci ildə Vyana sazişinə imza atmışdırsa, nəyə görə siz o sazişdən çıxdınız? Söhbət Amerikadan gedir. Nəyə görə İsrailin fətvasına gedib bizə hücum etdiniz? Burada açıq-aşkar görünən odur ki, Qərb dünyası həm də İsraili özünün tərəfdaşı seçərək istənilən inkişaf edən ölkənin qarşısını almaq niyyətindədir. Təsadüfi deyil ki, general Uesli Klark hələ 2002-ci ildə bildirmişdi ki, strateji plan hazırlanır və ona əsasən Şərqdə yeddi dövlət parçalanmalıdır. Onlardan sonuncusu İran idi. Və buna qədər Liviya, İraq, Sudan, Somali, Livan, Fələstin, Suriya... Bunlar hamısı öz yerində. Amma İran bilirdi ki, ona qarşı əvvəl-axır hücum olacaq. Buna görə də İran, Tehran, rəsmi Tehran hazırlıq işlərini sürətli şəkildə aparırdı. İndi nə dərəcədə hazırdır, hazır deyil, bu ikinci məsələdir. Çox güman ki, onun da proqramı çoxpilləlidir. Amma hər halda, indiki zamanda İran duruş gətirir və Hörmüz boğazında da elə bir konfiqurasiya qura bilib ki, dünyanı bu məsələyə cəlb edib. Bu, İranın, mən deyərdim ki, nüvə silahından da daha güclü bir vasitəsidir ki, Qərbə həm öz gücünü göstərsin, digər tərəfdən də öz milli maraqlarını, suverenliyini, subyektliyini qoruyub saxlaya bilsin”.
T.Abbasov qeyd edib ki, təhlükəsizlik məsələsinin ön plana çıxarılması fonunda əsas mübarizənin strateji keçidlər və xammal ehtiyatlarına nəzarət uğrunda aparıldığını düşünür:
“Təhlükəsizlik məsələləri, əlbəttə ki, önə çıxır və müxtəlif oyunçuların dilində fərqli tərzdə səslənir. Əgər Qərb dövlətləri indi təhlükəsizlik məsələsini önə çıxararaq bildirirlərsə ki, guya bunlara hər hansı təhdidlər var və s., burada, əlbəttə ki, qabaqcadan gəlmişlik var. Çünki müstəqil dövlətlərə hücum edib onları parçalamaq, hər halda, ən azı yeddi dövlətdən danışırıq və Pentaqonun generalları bunu təsdiqləmişdilər ki, bəli, bu plan var və biz onu icra edəcəyik, İsraildən də istifadə edəcəyik bu layihədə. Əgər belə bir plan varsa, onda başqa dövlətlər nə etməlidirlər? Əlbəttə, özlərini qorumalıdırlar. İndi Suriya bunu eləyə bilmədi, İraq bunu eləyə bilmədi, Livan eləyə bilmir, Fələstini isə bunlar çox pis günə salıblar. 200 minə yaxın insan artıq tələf olub. Qərb mənbələrinin dediyi dəqiq rəqəm 186 min fələstinlinin, uşaqlı-böyüklü, yer üzündən silindiyini, yəni məhv edildiyini göstərir. Və bunu haradək, kimin ayağına yazmaq lazımdır? Bu qurbanların ümumiyyətlə səbəbi nədir? Nəyə görə müsəlmanları, sonra öz mənliyini qoruyub saxlayan ölkələrə siz təzyiq göstərirsiniz, nəyə görə siz onları gözdən salırsınız? Aydın məsələdir ki, burada neoimperiya ənənələri artıq meydana çıxıb və indi əsas mübarizə boğazlar, keçidlər, strateji dəhlizlər uğrunda gedir və gedəcək. Bu da ondan xəbər verir ki, o obyektləri, o keçidləri ələ keçirməklə Qərb, xüsusilə Amerika və onun müttəfiqləri çalışacaqlar ki, geoiqtisadi proseslərin açarlarını öz əllərində saxlasınlar. Və ilk növbədə xammal ehtiyatlarını nəzarətə götürsünlər. Artıq Venesuelada başlayan proses bunu təsdiqləyir ki, bu müstəqil, guya müstəqil ölkənin artıq vəsaitləri ilə, sonra onun varidatı ilə, təbiəti ilə, faydalı qazıntıları ilə artıq Amerika Birləşmiş Ştatları məşğuldur və öz bildiyi kimi də onlardan istifadə etməyi vacib sayır. Ona görə hesab edirəm ki, bu proseslərdə təhdidləri, yeni riskləri, təhlükələri yaradan məhz Qərb özüdür. Onlar dövlətləri parçalamaq niyyətini güdürlər. Elə bizim özümüzə, Azərbaycana dair də onlar bu layihəni yerinə yetirirdilər. Çünki onlar başqa ölkələrə eksperiment materialı kimi baxırlar. Məsələn, Azərbaycan xalqının bu məsələdə mövqeyi necə ola bilər? Biz 44 günlük müharibədə öz müstəqilliyimizi bərpa etdikdən sonra, yəni bütün ərazilərimizi özümüzə qaytardıqdan sonra bizi gözdən salmağa başladılar. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, xüsusilə Fransa və digər ölkələr... Bunlar bizim dövlətlərin müstəqilliyi ilə barışmağı özlərinə vacib saymırlar. Əksinə, yekəxana münasibət bəsləyərək çalışırlar həmişə bizi problemli vəziyyətdə saxlasınlar. Həm bizi, həm digər müsəlman ölkələrini. Ona görə də İsraili durmadan qidalandırırlar. Buna qədər Ermənistanı bizim bölgəmizdə qidalandırırdılar, silahlandırırdılar ki, onlar Türk dünyasında, İslam dünyasında dayaq nöqtəsi kimi özünü təsdiqləsinlər və Azərbaycana, Türkiyəyə, bəlkə də digər ölkələrə, İranın özünə də təhdidlər törətsinlər. Ona görə də bu proseslərdə biz bir şeyi bilməliyik ki, bu mürəkkəbliyin ünvanı Qərbdir. Və onunla biz gərək münasibətlərimizi elə bir tərzdə quraq ki, bizim suverenliyimiz, milli mənliyimiz, ənənələrimiz çökməsin. Çünki biz bilirik, elə uzağa getməyək, onlar üçün elə Gürcüstan özü də bir eksperiment meydanı idi və ora nələri gətirdilər. 25 mindən artıq qeyri-hökumət təşkilatını gətirdilər və onlar hansı dəyərləri təbliğ eləyirdilər? LGBT dəyərlərini, sonra eynicinslilərin izdivacı məsələsini, sonra uşaqları onların himayəsinə vermək məsələsini və s. Yəni bunlar hamısı nədən xəbər verir? Ondan xəbər verir ki, artıq bu Epşteyn, belə deyək də, nəsli yetişib bunlarda və məqsəd də ondan ibarətdir ki, İslam dünyasında ailə institutuna bunlar zərbə endirsinlər, sonra öz dəyərlərini sırımağa çalışsınlar və bütün bizim idarəçiliyimizdə olan sistemi özlərinə tabe etsinlər. Əsas məsələ budur və ona görə də bizim xalqlar bilməlidirlər ki, bu küləklər haradan əsir, onları meydana gətirən kimlərdir, hansı dairələrdir və onlarla biz münasibətlərimizi necə qurmalıyıq və mübarizəmizi hansı tərzdə hformalaşdırmalıyıq”.
Nigar Xəlilli
15:00 04.09.2026
Oxunuş sayı: 55