ABŞ-İran qarşıdurmasında görünməyən cəbhə: “Tramp İranı daxildən parçalamağa çalışır”
ABŞ və İran arasında uzun müddətdir davam edən siyasi və hərbi gərginlik qarşılıqlı ittihamların, informasiya mübarizəsinin və geosiyasi qarşıdurmanın daha da güclənməsinə səbəb olub. Son dövrlərdə tərəflərin bir-birinə qarşı səsləndirdiyi sərt bəyanatlar və müxtəlif istiqamətlərdə həyata keçirilən addımlar iki ölkə arasındakı münasibətlərin gərgin xarakterini bir daha nümayiş etdirir.
Müasir münaqişələrdə hərbi qarşıdurma ilə yanaşı, informasiya müharibəsi də mühüm vasitələrdən biri hesab olunur. Dövlətlər media, sosial şəbəkələr və siyasi bəyanatlar vasitəsilə rəqib ölkənin ictimai rəyinə və daxili siyasi vəziyyətinə təsir göstərməyə çalışırlar.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ və İranı hazırda qarşıdurma şəraitində olan və müharibə aparan tərəflər kimi qiymətləndirmək olar: “Buna görə də tərəflərin bir-biri haqqında səsləndirdiyi iddialara da bu aspektdən yanaşmaq lazımdır. Hazırda ABŞ Prezidenti Donald Trampın İranla bağlı iddiaları iki ölkə arasında gedən soyuq müharibənin elementlərindən biri kimi qiymətləndirilə bilər. ABŞ-nin informasiya hücumları ənənəvi hərbi zərbələrindən geri qalmır. Birləşmiş Ştatlar bir tərəfdən İranın hərbi obyektlərinə raket zərbələri endirir, digər tərəfdən isə media və sosial şəbəkələr vasitəsilə rəqibini daxildən parçalamağa çalışır. Trampın İranın çöküşü ilə bağlı fikirləri də ölkənin daxili birliyini sarsıtmaq və xalqın mübarizə əzmini qırmaq xarakteri daşıyır. Əslində, real mənzərəyə nəzər salsaq, İranın rəqiblərinin hücumlarına adekvat cavab verdiyini görürük. ABŞ-nin hərbi bazalarına zərbələr endirməklə onun toxunulmazlığı ilə bağlı formalaşmış fikirləri alt-üst etdi. Bununla yanaşı, İran üzərində siyasi və iqtisadi təzyiqlər getdikcə güclənməkdədir. Ölkənin uzun müddət sanksiyalar altında yaşaması müəyyən mənada daxili istehsalın və daxili tələbatın stimullaşdırılmasına səbəb olub.
M.Rəhimli əlavə edib ki, üstəlik, müharibə başlayandan sonra neftin qiymətinin qalxması İran iqtisadiyyatı üçün əlavə dəstək yaradıb: “Müttəfiqləri ilə münasibətlərinin hazırkı vəziyyəti və mövcud geosiyasi maraqlar İranın tam təklənməsinə imkan vermir. Bütün bunlar İranı yaxın müddətdə ciddi böhran və çöküş riski ilə üz-üzə qoymur. Bundan əlavə, xalqla hakimiyyət arasında birliyin qorunub saxlanılması hazırda ABŞ-ni məyus edən əsas məqamlardan biridir”.
Zeynəb Həsən
17:00 03.09.2026
Oxunuş sayı: 47