XII Bakı Beynəlxalq Kitab Sərgisində Şuşanın mədəni irsi və ərəb dünyası ilə əlaqələr müzakirə olunub
Crossmedia.az xəbər verir ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ICESCO-nun təşkilatçılığı ilə “Şuşa və ərəb dünyası: Kitablardan mədəni mübadiləyə” mövzusunda sessiya keçirilib.
Sessiyada Şuşanın zəngin ədəbi, bədii və mədəni irsi, Azərbaycanla ərəb dünyası arasında mədəni əlaqələrin inkişaf perspektivləri, eləcə də kitabların və tərcümənin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində rolu müzakirə olunub.
Tədbirdə çıxış edən Misir Ərəb Respublikasının Ali Mədəniyyət Şurasının baş katibi, professor Əşrəf əl-Əzzazi Azərbaycanla Misir arasında mövcud olan tarixi dostluq və mədəni əlaqələrdən danışıb. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Misirdə, o cümlədən Əl-Əzhər Universitetində təhsil alan azərbaycanlı tələbələrin xalqlar arasında mədəni körpü rolunu oynadıqlarını bildirib.
Professorun sözlərinə görə, azərbaycanlı tələbələr Misirdə təhsil aldıqları müddətdə öz ölkələrinin mədəniyyətini və ənənələrini tanıdır, Azərbaycana qayıtdıqdan sonra isə Misirdə qazandıqları bilik və təcrübə vasitəsilə bu ölkənin mədəniyyətinin təbliğinə töhfə verirlər.
Əşrəf əl-Əzzazi Şuşanın Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu qeyd edərək şəhərin zəngin musiqi ənənələrinə və özünəməxsus memarlıq irsinə diqqət çəkib. O, mədəniyyət, incəsənət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin Azərbaycanla ərəb ölkələri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyini vurğulayıb.
Çıxışında kitabların və tərcümə fəaliyyətinin əhəmiyyətinə də toxunan professor Azərbaycan və Misir arasında ədəbi-mədəni mübadilənin daha da genişləndirilməsinin vacibliyini bildirib. O, ortaq səylərin mədəni irsin qorunmasına, müxtəlif xalqların bir-birinin tarixi və mənəvi dəyərlərini daha yaxından tanımasına xidmət etdiyini diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxışında Fondun fəaliyyəti, mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O, həmçinin Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlıq məsələlərinə toxunaraq bu istiqamətdə görülən işlərdən danışıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov isə Şuşada tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və konservasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşada tarixi abidələrin mühafizəsi və bərpası mühüm prioritetlərdəndir. Bu istiqamətdə görülən işlər şəhərin zəngin mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sessiya çərçivəsində Şuşa haqqında kitabın ərəb dilində nəşri də təqdim olunub. Təqdimat zamanı bu cür nəşrlərin Azərbaycanın, xüsusilə Şuşanın tarixi və mədəni irsinin ərəb dünyasında tanıdılması baxımından əhəmiyyəti qeyd edilib.
Müzakirələrdə tərcümənin bilik və təcrübə mübadiləsinin genişləndirilməsində, mədəni irsin təbliğində, eləcə də müxtəlif dillər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm vasitə olduğu vurğulanıb.