Mayonez tərkibli qidalar hansı fəsadlara yol aça bilər
Mayonez tərkibli qidalar gündəlik qidalanmada geniş istifadə edilən məhsullar sırasında olsa da, onların hazırlanması və saxlanması zamanı bir sıra amillərə diqqət yetirilməlidir. Mayonezin yüksək yağ və enerji dəyərinə malik olması onun həddindən artıq istehlakını məhdudlaşdırmağı, xüsusilə mayonezli salatlarda isə məhsulların saxlanma temperaturu və müddətinə ciddi riayət etməyi tələb edir. Qida təhlükəsizliyi baxımından temperatur rejiminin pozulması və düzgün saxlanmayan mayonezli qidalar mikrobioloji riskləri artıra bilər.
Qida eksperti Seymur Qafarov Crossmedia.az-a açıqlamasında bildirib ki, gündəlik hazırlanan qidalarda, xüsusilə soyuq qəlyanaltı və salatlarda mayonezdən istifadə edilərkən məhsulun qida enerji dəyəri, kalkulyativ norma göstəriciləri, eləcə də təhlükəsizlik və keyfiyyət göstəricilərinə xüsusi diqqət yetirilməlidir: “Mayonezli salatların hazırlanması, emalı, satışı və saxlanması zamanı müəyyən qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır. Belə məhsullar hazırlanarkən mayonez soyuducuda 0 ilə +4 dərəcə Selsi temperatur aralığında saxlanmalıdır. Hazırlanmış məhsul təxminən 2 saat soyuducuda saxlanıldıqdan sonra istehlaka verilə bilər. Soyuducuda saxlanma məhsulun temperaturunun sabitləşməsi və sonrakı satış prosesində təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. İstehlakçılar da mayonezli salatlar alarkən etiket məlumatlarına diqqət yetirməlidirlər. Məhsulun 100 qram üzrə qida enerji dəyəri, tərkibində allergenlərin olub-olmaması, istehsal və son istifadə tarixləri ilə tanış olduqdan sonra məhsul alınmalıdır”.
S.Qafarov qida məhsullarının qablaşdırılması və daşınması zamanı da təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini qeyd edib. Xüsusilə mayonezli salatların günəş şüalarından qorunması və qida ilə təmasa uyğun qablaşdırma materiallarından istifadə edilməsi məhsulun keyfiyyətinin qorunmasına xidmət edir: “Belə məhsullar qablaşdırılarkən onların birbaşa günəş şüalarına məruz qalmasına yol verilməməli, qablaşdırmanın qapağı açıq saxlanılmamalıdır. Həmçinin qida ilə təmas üçün nəzərdə tutulmayan kustar qablaşdırma materiallarından və isti qidalar üçün nəzərdə tutulan folqa qablaşdırmalardan istifadə edilməməlidir. Mayonezli salatlar plastik, şüşə, saxsı, paslanmayan metal, farfor və keramika qablarda daşına bilər. Lakin daşınma zamanı qırılma riskinin və şüşədən istifadənin minimuma endirilməsi baxımından qida ilə təmasa uyğun plastik qablara üstünlük verilməsi daha məqsədəuyğundur. Salatların istehlakı zamanı da temperatur rejiminə diqqət yetirilməlidir. Məhsul servis edilərək otaq temperaturunda saxlanılırsa, təxminən 2 saat ərzində istehlak olunmalıdır. Əgər məhsulun bir hissəsi qalıbsa, o, yenidən soyuducuya qaytarıla bilər”.

Mütəxəssis mayonezli salatların bəzi hallarda yarımfabrikat şəklində dondurularaq sonradan istifadə edildiyini də diqqətə çatdırıb: “Bu zaman əsas risk məhsulun donu açıldıqdan sonra bir hissəsinin istifadə olunması və qalan hissənin yenidən dondurucuya qaytarılmasıdır. Defrost prosesindən sonra məhsulun yenidən dondurulmasına yol verilməməlidir. Bu və digər qida təhlükəsizliyi tələblərinə əməl olunması mayonezli salatların hazırlanması, saxlanması, daşınması və istehlakı zamanı yarana biləcək risklərin qarşısının alınması baxımından vacibdir”.
Nigar Xəlilli
18:30 03.09.2026
Oxunuş sayı: 49