İnsanlar daha qocalmayacaq - Elmin gəldiyi son nöqtə
İnsan orqanizminin bioloji yaşlanmasını geri çevirmək ideyası son illərdə elmi araşdırmaların diqqət mərkəzində olan istiqamətlərdən birinə çevrilib. Hüceyrələrin yaşlanma ilə bağlı bəzi dəyişikliklərini geri çevirməyə yönəlmiş tədqiqatlarda müəyyən nəticələr əldə edilsə də, insanın bütün orqanizmində yaşlanmanın davamlı və təhlükəsiz şəkildə geri çevrilməsi hələ sübut olunmayıb. 2026-cı ildə bu istiqamətdə mühüm mərhələlərdən biri gerçəkləşib. ABŞ Qida və Dərman Administrasiyası (FDA) ER-100 adlı qismən epigenetik yenidən proqramlaşdırma terapiyasının insanlarda klinik sınağına icazə verib. İyun ayında isə ilk iştirakçıya preparat tətbiq olunub. I mərhələ sınağının əsas məqsədi terapiyanın təhlükəsizliyini və dözümlülüyünü qiymətləndirməkdir; tədqiqat açıq bucaqlı qlaukoma və qeyri-arteritik ön işemik optik neyropatiya kimi göz xəstəlikləri üzrə aparılır. Bu isə insan orqanizminin bütövlükdə “cavanlaşdırılması” demək deyil.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən terapevt Zakir Quliyev bildirib ki, elm bəzi hüceyrələrdə və heyvanlarda yaşlanma ilə bağlı dəyişiklikləri geri çevirə bilsə də, insanın bütün orqanizmində bioloji yaşlanmanın davamlı şəkildə geri çevrildiyi hələ sübut olunmayıb:

"İnsan hüceyrələri üzərində laboratoriya nəticələri və siçan təcrübələri ümidvericidir. 2026-cı ildə qismən hüceyrə yenidən proqramlaşdırılması göz xəstəlikləri üçün erkən insan sınağına keçib. Bu sınağın ilk məqsədi təhlükəsizliyi yoxlamaqdır, insanı bütövlükdə “cavanlaşdırmaq” deyil. Əsas maneə təhlükəsiz və idarə olunan təsirdir. Hüceyrəni daha gənc vəziyyətə qaytarmaq üçün verilən siqnallar həddən artıq güclü və ya uzunmüddətli olarsa, hüceyrə öz ixtisaslaşmış funksiyasını itirə və şiş riski yarada bilər. Üstəlik, müalicəni müxtəlif toxumalara düzgün çatdırmaq və uzunmüddətli nəticəsini göstərmək lazımdır. “Bioloji yaş saatı”nın göstəricisinin azalması da təkbaşına insanın daha sağlam yaşayacağını və ya ömrünün uzanacağını sübut etmir".
Terapevt qeyd edib ki, yəni sahə ilk insan təhlükəsizlik sınaqları mərhələsindədir və geniş tətbiqə neçə il qaldığını etibarlı şəkildə demək hələ mümkün deyil. Hazırda əsas məsələ hüceyrələrin daha gənc vəziyyətə qaytarılmasının mümkün olub-olmamasından çox, bu prosesin insan orqanizmində nə dərəcədə təhlükəsiz, idarəolunan və uzunmüddətli nəticələr verəcəyinin müəyyənləşdirilməsidir.
Zeynəb Həsən
19:15 29.09.2026
Oxunuş sayı: 37