Gənclərin yeni bəlası: Bu təhlükə sizi ölümə aparır
Bir zamanlar daha çox yaşlı insanların problemi hesab edilən ürək xəstəlikləri bu gün gənclər üçün də ciddi təhlükəyə çevrilir. Gərgin iş rejimi, xroniki stress, yuxusuzluq və sağlam olmayan həyat tərzi ürəyi səssiz-səssiz zəiflədə bilər. Ən təhlükəlisi isə odur ki, insan özünü tam sağlam hiss etdiyi halda belə, orqanizmində ciddi risklər formalaşa bilər. Bəs gənclərin ürəyini vaxtından əvvəl yoran səbəblər hansılardır və bu görünməz təhlükədən qorunmaq mümkündürmü?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı bildirib ki, ürək-damar xəstəlikləri dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir:

"Təəssüf ki, son illərdə bu xəstəliklər cavanlar arasında da daha çox müşahidə olunur. Bunun bir sıra səbəbləri var. İlk növbədə irsi və genetik faktorları qeyd etmək lazımdır. Bununla yanaşı, siqaret çəkmək, düzgün qidalanmamaq və fiziki aktivliyin az olması da ürək-damar xəstəliklərinin yaranmasında mühüm rol oynayır.
Qidalanma rejimi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İşlə əlaqədar olaraq bir çox gənc evdə hazırlanan yeməklər əvəzinə kafe və restoranlarda qidalanmağa üstünlük verir. Bu zaman yeməklərin hansı yağlarda hazırlandığına, həmin yağlardan nə qədər müddət istifadə edildiyinə və qidaların hazırlanma şəraitinə hər zaman nəzarət etmək mümkün olmur. Xüsusilə uzun müddət yüksək temperaturda saxlanılan və təkrar istifadə edilən yağlarda zərərli birləşmələr yarana bilər. Belə qidaların mütəmadi istehlakı sağlamlığa mənfi təsir göstərə bilər".
Həkim qeyd edib ki, digər mühüm amil fiziki aktivliyin az olmasıdır:
"İnsanlar iş rejiminə görə saatlarla kompüter qarşısında oturur, bəziləri isə günün böyük hissəsini telefonla keçirir. Bununla yanaşı, gec yatmaq və yuxu rejiminin pozulması da sağlamlığa mənfi təsir göstərir. Normal yuxu müddəti, adətən, böyüklər üçün 7-9 saat hesab olunur. Gecə saatlarında yatmaq, yuxunun kifayət qədər olmaması və gecə yemək vərdişi maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.
Qaraciyər orqanizmdə yağların və digər maddələrin mübadiləsində mühüm rol oynayır. Düzgün olmayan qidalanma və hərəkətsizlik qaraciyərdə yağ toplanmasına, yəni qaraciyərin piylənməsinə səbəb ola bilər. Bu vəziyyət bəzi hallarda qanda triqliseridlərin və digər lipidlərin səviyyəsinin yüksəlməsi ilə müşayiət olunur. Qanda yağların miqdarının artması isə damarların ateroskleroz nəticəsində daralması və ürək-damar xəstəlikləri riskinin yüksəlməsi ilə əlaqəlidir.
Damarların daralması uzun müddət heç bir aşkar əlamət verməyə bilər. Lakin damarların mənfəzi daraldıqca ürək əzələsinə gedən qanın miqdarı azala bilər. Bu zaman xüsusilə sürətli yeriyərkən və ya fiziki gərginlik zamanı sinə nahiyəsində ağrı, sıxılma və yanma hissi yarana bilər. Belə əlamətlər müşahidə olunduqda vaxtında həkimə müraciət etmək vacibdir.
Siqaret çəkmək də ürək-damar sistemi üçün ciddi risk faktorudur. Siqaret tüstüsündəki maddələr damarların fəaliyyətinə mənfi təsir göstərir, damarların daralmasına və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb olur. Siqaretin zərəri yalnız ürəklə məhdudlaşmır, orqanizmdəki digər damar sistemlərinə də təsir edir".
Şəmsiyyə Namazlı vurğulayıb ki, bəzən insanlarda ürək-damar xəstəliyi qəfil üzə çıxır:
"Şəxs gündəlik həyatını davam etdirərkən və ya idmanla məşğul olarkən ürək nahiyəsində ağrı hiss edir və tibbi müayinədən sonra ürək damarlarında ciddi daralma aşkarlanır. Belə hallarda stent qoyulması və ya digər müdaxilələr tələb oluna bilər. Lakin stent qoyulması problemin bütün risklərini aradan qaldırmır. Əgər insan siqaret çəkməyə davam edir, düzgün qidalanmır və fiziki aktivliyə diqqət yetirmirsə, damarların yenidən daralması və digər ürək-damar problemlərinin yaranması riski qalır.
Genetik meyilliliyi olan insanlar sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Ailədə ürək-damar xəstəlikləri tarixçəsi varsa, mütəmadi tibbi müayinələrdən keçmək və risk faktorlarına nəzarət etmək xüsusilə vacibdir. Bununla belə, genetik meyilliliyi olmayan insanlar da özlərini riskdən tamamilə kənarda hesab etməməlidirlər. Hərəkətsizlik, düzgün olmayan qidalanma, siqaret və digər zərərli vərdişlər hər kəsdə xəstəlik riskini artıra bilər.
Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün ilk növbədə fiziki aktivliyi artırmaq lazımdır. Gün ərzində uzun müddət oturaq vəziyyətdə işləyən insanlar imkan daxilində fasilələr verməli, ayağa qalxmalı və hərəkət etməlidirlər. İşdən sonra piyada gəzmək və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq da faydalıdır. Gəzinti zamanı insanın fiziki hazırlığına uyğun temp seçilməlidir. Həddindən artıq tərləmək isə sağlam fiziki aktivliyin mütləq göstəricisi deyil.
Siqaretdən uzaq durmaq, qızardılmış və həddindən artıq yağlı qidaların istehlakını məhdudlaşdırmaq, balanslı qidalanmaq və yuxu rejimini qorumaq da mühüm profilaktik tədbirlərdir. Kompüter qarşısında işləyən insanlar isə uzun müddət fasiləsiz oturmaqdan çəkinməli, mütəmadi olaraq qısa hərəkət fasilələri verməlidirlər.
Praktik fəaliyyətim zamanı müşahidə edirəm ki, son dövrlərdə 40 yaşına çatmamış insanlarda da ürək damarlarına stent qoyulması hallarına rast gəlinir. Bu, narahatlıq doğuran tendensiyadır. Ürək-damar xəstəliklərinə səbəb olan risk faktorları aradan qaldırılmadıqda, stent qoyulmuş damarda yenidən daralma və ya digər damarlarda yeni problemlər yarana bilər. Bəzi hallarda daha mürəkkəb müdaxilələrə ehtiyac yaranır.
Bu risk faktorları yalnız ürəyə deyil, beyinə, gözlərə və orqanizmin digər hissələrinə qan aparan damarlara da təsir göstərə bilər. Buna görə də həkim yanaşması yalnız ürəkdəki problemi müalicə etməklə məhdudlaşmamalı, orqanizmin ümumi vəziyyətini və damar sağlamlığını da əhatə etməlidir. Əsas məqsəd yalnız xəstəliyin nəticələrini aradan qaldırmaq deyil, onun yaranmasına səbəb olan amilləri vaxtında müəyyənləşdirmək və mümkün qədər qarşısını almaqdır".
Nuray Oqtayqızı
16:00 16.10.2026
Oxunuş sayı: 51