Kubanın sabiq prezidenti Raul Kastro barəsində həbs qərarı çıxarılıb
ABŞ-nin Florida ştatının Mayami şəhərində məhkəmə Kubanın 95 yaşlı sabiq prezidenti Raul Kastro barəsində həbs qərarı çıxarıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar 1996-cı ildə Kubaya məxsus qırıcı təyyarələrin iki mülki təyyarəni vurması və nəticədə üçü ABŞ vətəndaşı olmaqla dörd nəfərin həlak olması ilə əlaqədardır.
Mayami məhkəməsinin hakimi tərəfindən imzalanan həbs qərarında R.Kastro Kuba kəşfiyyatının əməkdaşları ilə əlbir olaraq birinci dərəcəli qətl törətmək üçün cinayətkar sövdələşmədə ittiham olunur.
"Miami Herald" və "Tampa Bay Times" nəşrlərinin əldə etdiyi məhkəmə sənədlərinə əsasən, qərar Florida Hüquq-Mühafizə Departamentinin apardığı araşdırmadan sonra qəbul edilib.
İstintaq materiallarında bildirilir ki, Kubanın iki kəşfiyyat əməkdaşı Mayami və Ki-Uest şəhərlərində fəaliyyət göstərən "Brothers to the Rescue" təşkilatına sızaraq uçuşlar barədə məlumatları Kuba hakimiyyət orqanlarına ötürüblər.
Qeyd olunur ki, kəşfiyyat şəbəkəsi öz məlumatlandırıcılarına 1996-cı il fevralın 24-dən 27-dək təşkilatın təyyarələri ilə uçmamaq barədə göstəriş verib. Onlardan biri hadisədən bir gün əvvəl, fevralın 23-də Floridadan Kubaya qayıdıb.
Məhkəmə sənədlərində Raul Kastronun digər şəxslərlə birlikdə təyyarələrdə olan insanların qətlə yetirilməsi barədə razılığa gəldiyini ehtimal etmək üçün kifayət qədər əsasların olduğu bildirilir.
Xatırladaq ki, 1996-cı il fevralın 24-də Kuba qırıcıları "Brothers to the Rescue" təşkilatına məxsus iki kiçik mülki təyyarəni vurub. Hadisə nəticəsində dörd nəfər həyatını itirib.
Kuba tərəfi təyyarələrin ölkənin hava məkanına daxil olduğunu bildirərək hərbi müdaxiləni özünümüdafiə kimi əsaslandırıb. ABŞ isə təyyarələrin beynəlxalq hava məkanında olduğunu bəyan edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) araşdırması da hadisənin Kuba hava məkanından kənarda baş verdiyini müəyyənləşdirib.
Florida ştatının baş prokuroru Ceyms Utmeyer mart ayında Raul Kastronun hadisədə mümkün iştirakı ilə bağlı cinayət araşdırmasına başlanıldığını elan etmişdi.
Məlumata görə, bu, sözügedən hadisə ilə əlaqədar Kastro barəsində çıxarılan ikinci həbs qərarıdır. ABŞ Ədliyyə Nazirliyi də may ayında ona qarşı qətl və qətl məqsədilə cinayətkar sövdələşmə ittihamları irəli sürüb.
Ceyms Utmeyerin bazar ertəsi Mayamidə keçiriləcək mətbuat konfransında yeni həbs qərarı barədə açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, Raul Kastro 1996-cı ildə Kubanın silahlı qüvvələrinə rəhbərlik edib. O, 2008–2018-ci illərdə ölkənin prezidenti vəzifəsində çalışıb. Raul Kastro Kubanın keçmiş lideri, 2016-cı ildə vəfat edən Fidel Kastronun qardaşıdır.
12:57 19.10.2026
Oxunuş sayı: 41