Stressin yaratdığı xəstəliklər - hətta ölə bilərsiniz
Müasir dövrdə insanların gündəlik həyatında stressin payı getdikcə artır. İş və maddi problemlər, gələcəklə bağlı qeyri-müəyyənlik, informasiya bolluğu, sosial şəbəkələr və daim tələsik yaşamaq insanlarda emosional gərginliyin yaranmasına səbəb olan əsas amillər sırasındadır. Xüsusilə günün böyük hissəsini telefon, sosial media və müxtəlif informasiya mənbələri ilə keçirən insan beyninin fasiləsiz stimul altında qalması psixoloji yorğunluğu artıra bilər. Bu isə zamanla insanın səbrinə, davranışlarına və ətrafındakılarla münasibətlərinə təsir göstərir. Bəzən insanın əsəbi və aqressiv davranışının səbəbi həmin an yaşadığı hadisə deyil, uzun müddət ərzində yığılan gərginlik olur. Stressin müvəqqəti vəziyyətdən çıxaraq həyatın daimi fonuna çevrilməsi isə daha ciddi nəticələrə gətirib çıxara bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Nizami Orucov bildirib ki, stress özü həyatımızda tamamilə olmamalı olan bir şey deyil.
"Müəyyən qədər stress insanı hərəkətə keçirir, məsuliyyət hissini artırır və təhlükəyə uyğunlaşmağa kömək edir. Problem stressin müvəqqəti vəziyyətdən çıxıb gündəlik həyatın daimi fonuna çevrilməsidir.
İnsan uzun müddət stress altında qalanda beynin və orqanizmin istirahət etməyə kifayət qədər imkanı olmur. Bu zaman insan daha tez yorulur, xırda məsələlərə qarşı daha həssas reaksiya verir, səbir azalır və emosiyalarını idarə etmək çətinləşir. Bəzən insanın əsəbi görünməsinin səbəbi konkret həmin hadisə yox, günlər və ya aylar ərzində yığılmış gərginlik olur.

Müasir insanların 20–30 il əvvəlkindən daha səbirsiz və aqressiv olması fikrinə isə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Bunu tam şəkildə demək üçün dövrlər üzrə müqayisə olunan etibarlı məlumatlar lazımdır. Amma bu gün insanın qarşılaşdığı stress mənbələrinin çoxaldığını söyləmək mümkündür.
İndi insan demək olar ki, günün istənilən saatında informasiya qəbul edir, mesajlara və bildirişlərə cavab gözləyir, sosial şəbəkələrdə başqaları ilə özünü müqayisə edir. Bunun üzərinə maddi problemlər, iş yükü, gələcəklə bağlı qeyri-müəyyənlik və daim tələsik yaşamaq da əlavə olunur. İnsan beyninin fasiləsiz olaraq bu qədər stimul alması emosional gərginliyi artıra bilər.
Bir başqa məsələ isə səbir anlayışının özünün dəyişməsidir. Texnologiya insanları bir çox şeyi dərhal əldə etməyə öyrədib: məlumat dərhal gəlir, mesaj dərhal çatır, sifariş tez gəlir. Bu “indi və dərhal” gözləntisi real həyatda da özünü göstərə bilir. Nəticədə növbə gözləmək, gecikmə, kiminsə bizi anlamaması və ya istədiyimizin dərhal baş verməməsi daha çox narahatlıq yarada bilər.
Aqressiyanı yalnız texnologiya və ya stresslə izah etmək də düzgün deyil. Ailədə ünsiyyət modeli, uşaqlıqda öyrənilən davranışlar, insanın emosiyalarını ifadə etmək bacarığı, yuxu və həyat tərzi, sosial mühit və fərdi xüsusiyyətlər də burada rol oynayır.
Əsas problem stressin özündən daha çox, insanın stressdən sonra bərpa ola bilməməsidir. Əgər insan gün ərzində daim gərginlik yaşayır, amma istirahət, yuxu, sosial əlaqə və özünə ayırdığı vaxt demək olar ki, yoxdursa, bu gərginlik tədricən onun davranışına keçir.
Müasir insan üçün psixoloji sağlamlığın əsas məsələlərindən biri yalnız daha çox iş görmək deyil, vaxtında dayanmağı və bərpa olmağı öyrənməkdir. Davamlı əsəbilik, səbirsizlik və aqressiya artıq insanın münasibətlərinə, işinə və gündəlik həyatına ciddi təsir göstərirsə, bunu sadəcə “xasiyyətim belədir” kimi qəbul etməkdənsə, səbəbini araşdırmaq lazımdır".
Zeynəb Həsən
18:00 29.08.2026
Oxunuş sayı: 73