Sağlam qidalanma sizə baha başa gələ bilər
Sağlam qidalanma son illərdə insanların gündəlik həyatında daha çox diqqət yetirdiyi məsələlərdən birinə çevrilib. Lakin düzgün və keyfiyyətli qidalanmaya keçmək istəyənlərin qarşısında ən çox dayanan suallardan biri bunun ailə büdcəsinə təsiri ilə bağlıdır. Xüsusilə orqanik məhsulların, təbii şəkildə yetişdirilən ət və süd məhsullarının, çərəzlərin və bəzi digər sağlam qidaların qiymətinin yüksək olması belə bir təsəvvür yaradır ki, sağlam qidalanmaq mütləq şəkildə daha çox vəsait tələb edir. Digər tərəfdən, mövsümi və yerli məhsulların seçilməsi ilə daha münasib qiymətə sağlam qidalanmağın mümkün olduğu da qeyd edilir. Məhsulun istehsal üsulu, emal dərəcəsi, saxlanma müddəti və bazardakı mövqeyi də onun qiymətinə təsir edən əsas amillərdəndir. Bəs Azərbaycanda sağlam qidalanmaq həqiqətən bahalıdırmı?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Məhsəti Hüseynova bildirib ki, bir çox hallarda insanlar sağlam qidalanmanın adi qidalanmadan daha baha olduğunu hesab edir. "Lakin burada bir neçə əsas məqama diqqət etmək lazımdır. Əgər sağlam qidalar, xüsusilə də orqanik və təbii mənşəli məhsullar seçiləcəksə, kimyəvi maddələrdən istifadə olunmamış, eyni zamanda geni dəyişdirilməmiş məhsullardan istifadə edilməlidir ki, bunlar digərlərinə nisbətən daha bahadır.
Lakin Azərbaycan üçün alternativ olaraq, təzə məhsullardan, xüsusilə meyvə-tərəvəzlərdən bəhs ediriksə, bunlar yerli və mövsümi olduqda digərlərinə nisbətən heç də baha deyil. Sadəcə olaraq düzgün seçim etmək lazımdır.
Eyni zamanda bəzən istehsal və emal üsulları da qiymətə təsir edən amillərdəndir. Sağlam qidalar adətən az emal olunur, rəf ömrü də daha qısa olur və tez xarab olmağa meylli olduğuna görə nisbətən baha başa gəlir. Burada əsas diqqət ediləcək məqam həmin qidalara əlçatanlıq və istehlak olunacağı qədər az miqdarda alınmasıdır ki, bu da bəzən qiymətə təsir edir".

Ekspert qeyd edib ki, ət və ət məhsullarında da vəziyyət eynidir: "Bunlar yerli və təbii yetişdirilmiş olduqda adi məhsullardan baha başa gəlir. Nəzərə almaq lazımdır ki, hər zaman yerli məhsullar daha az emala məruz qalır və daha az kimyəvi maddələrdən istifadə olunur. Ona görə yerli məhsullar keyfiyyətli şəkildə yetişdirilibsə, bunlar daha çox təbii məhsullar hesab olunur və onlardan istifadə etmək daha tövsiyə olunandır.
Eyni zamanda bazarda bəzən müəyyən məhsullar olur ki, sağlam və təbii qidalar olduğuna görə premium məhsullar sırasına daxildir. Bu da onların qiymətinin yüksək olmasına səbəb olan amillərdən biridir.
Ancaq ümumiyyətlə götürdükdə, təbii meyvə-tərəvəzlər adi meyvə-tərəvəzlərə nisbətən, keyfiyyətli yetişdirilibsə və yerli məhsuldursa, qiymət baxımından bəzən eynilik təşkil edə, bəzən isə çox az fərqlənə bilər.
Eyni zamanda orqanik yetişdirilən heyvanlar, təbii şəkildə yetişdirilən heyvan ətləri — ət, toyuq və balıq adi məhsullara nisbətən daha bahadır. Burada qiymət bəzən 50 faizdən daha artıq da dəyişə bilər.
Quru meyvələr də sağlam qidalar dedikdə hər zaman yada düşən qidalar sırasındadır. Çərəzlər, quru meyvələr və digər bu kimi məhsullar gündəlik istifadə olunan qidalar sırasında sağlam qidalanmanın əsasını təşkil edir. Onların keyfiyyətli olanları da digər məhsullardan nisbətən baha başa gəlir.
Amma ümumilikdə götürdükdə, gündəlik insan orqanizminə lazımi miqdarda qida qəbulu və bunun keyfiyyətli qidadan alınması heç də baha başa gəlmir, əksinə, sağlamlıq üçün faydalıdır. Gələcəkdə rastlaşıla biləcək xəstəliklərdən uzaq olmaq və sağlamlığı qorumaq üçün bu, çox vacib amillərdəndir".
Zeynəb Həsən
14:30 28.08.2026
Oxunuş sayı: 56