Hərəkətsiz uşaqlar gələcəkdə bu xəstəliyə tutulacaq
Yay aylarında uşaqların daha çox evdə vaxt keçirməsi, ekran qarşısında uzun müddət qalması və fiziki aktivliyin azalması onların sağlamlığı ilə bağlı mühüm suallar yaradır. Hərəkətsiz həyat tərzi uşağın yalnız fiziki inkişafına deyil, həm də beyin inkişafına, emosional vəziyyətinə və yuxu keyfiyyətinə təsir göstərə bilər. Xüsusilə uzun müddət ekran qarşısında qalmaq uşaqların gündəlik hərəkətliliyini əhəmiyyətli dərəcədə azalda bilər. Fiziki aktivliyin kifayət qədər olmaması zamanla əzələ gücünün azalmasına, fiziki dözümsüzlüyə və koordinasiya problemlərinə səbəb ola bilər. Bununla yanaşı, hərəkətsizlik uşaqlarda artıq çəki və piylənmə riskini də artırır. Uşaqlıq dövründə yaranan piylənmə isə gələcəkdə bir sıra xroniki xəstəliklərin yaranma ehtimalını yüksəldə bilər. Mütəxəssislər uşaqların gündəlik həyatında hərəkətin xüsusi yer tutmasının vacibliyini vurğulayırlar. Bəs uşaqlar gün ərzində nə qədər fiziki aktiv olmalıdır və hərəkətsizlik onların sağlamlığında hansı problemlərə yol aça bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında pediatr Şəlalə Polixova bildirib ki, fiziki aktivlik uşağın təkcə fiziki inkişafı üçün deyil, həmçinin beyin inkişafı, ümumi sağlamlığı və emosional vəziyyəti baxımından çox vacibdir.
“Ümumiyyətlə, sağlamlığın təməl bir neçə sütunu var ki, onların demək olar ki, əsasından — qidalanmadan sonra fiziki aktivlik gəlir. Uşağın gün ərzində oturaq həyat tərzi keçirməsi, hərəkətliliyinin az olması zamanla əzələ gücünün azalmasına, fiziki dözümsüzlüyün yaranmasına, bədən formasının qeyri-düzgün olmasına, koordinasiya problemlərinə, yuxu keyfiyyətinin pisləşməsinə və bu kimi problemlərə gətirib çıxardır.

Bununla yanaşı, kifayət qədər hərəkət eləməyən uşaqda əhval dəyişiklikləri, koordinasiya problemləri, narahatlıq, diqqət pozğunluğu, emosional tənzimləmə ilə bağlı bir sıra çətinliklər yarana bilər. Bunlar həmçinin hərəkətsizliklə bağlı müşahidə olunan vəziyyətlərə aiddir.
Xüsusən də uşaqlar hərəkətsizlikdən əlavə uzun müddət ekran qarşısında vaxt keçirdiyi zaman uşaqda həm hərəkət pozğunluğuna, həm yuxu pozğunluğuna gətirib çıxara, yuxu müddətini azalda bilir.
Bəli, hərəkətsizlik uşaqlarda piylənmə riskini və digər xəstəliklərin riskini, əlbəttə ki, sözsüz artırır. Bu nə deməkdir? Fiziki aktivliyin az olması o deməkdir ki, enerji sərfiyyatı burada azalır. Üstəlik, uşaq həddindən artıq kalorili qidalarla qidalandığı zaman artıq çəki və piylənmə problemi qaçılmaz olur. Uşaqlıq dövründə yaranan piylənmə də öz növbəsində sonradan böyük yaşlarda qaraciyər piylənməsinə, ürək-damar xəstəlikləri riskinə, tip 2 diabet, insulin müqaviməti və hipertenziya kimi patologiyalara gətirib çıxara bilir, bu riskləri artırır.
Bütün bunlar olmasın deyə uşağa nə etmək lazımdır? Fiziki aktivliyi uşağın gündəlik həyatının ayrılmaz bir hissəsinə çevirmək çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, 5–17 yaş arası uşaqlar gün ərzində minimum 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivliklə məşğul olmalıdırlar. Bu o demək deyil ki, uşağı idman zalına aparıb 60 dəqiqə dayanmadan məşğul etmək lazımdır. Buraya uşağın açıq havada vaxt keçirməsi, qaçmaq, müxtəlif oyunlar oynamaq, üzgüçülük, velosiped və ya skuter sürmək kimi aktivliklər də daxildir.
Ona görə də, xüsusən yay fəslində havalar imkan verdikcə uşaqların günlərini bol fiziki aktivliklə keçirməsi üçün əlimizdən gələni etməliyik. Məktəb açılırsa, uşağın səhərdən axşama qədər qapalı məkanda yalnız dərslərlə məşğul olması onun fiziki sağlamlığı üçün əlverişli deyil. Məktəb və dərs vaxtı olsa belə, uşağın gün ərzində heç olmasa 1 saat açıq havada aktiv fəaliyyətlərlə məşğul olmasını təmin etmək lazımdır.
Yəni uşağı idmana məcbur etmək yox, hərəkəti və aktivliyi onun gündəlik həyat tərzi və bir hissəsi halına gətirmək daha məqsədəuyğundur”.
Zeynəb Həsən
14:00 29.08.2026
Oxunuş sayı: 54