Bu il ən çox tələbat bu quşun ətinə olub
Toyuq əti qlobal ət bazarında mal və donuz ətini geridə qoyaraq ən çox tələbat görən ət növünə çevrilib. Məlumata görə, dünyada yetişdirilən toyuqların sayı 2006-cı ildəki 48,3 milyarddan 2023-cü ildə 76,2 milyarda yüksəlib. Quş əti istehsalı 2022-ci ildə donuz ətini də geridə qoyub, son üç-dörd ildə isə istehsal artımı illik 3 faizdən çox olub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida mütəxəssisi Seymur Qafarov bildirib ki, toyuq ətinə üstünlük verilməsinin həm iqtisadi, həm dietoloji, həm də qida təhlükəsizliyi baxımından bir sıra səbəbləri var: “İqtisadi baxımdan toyuq əti mal-qara və donuz əti ilə müqayisədə daha əlçatan və maddi cəhətdən daha uyğun xammaldır. Ona görə ki, onun yetişdirilməsində yem və yem əlavələri mal-qara ilə müqayisədə daha məhdud sayda istifadə olunur və daha az yem təminatı hesabına ərsəyə gəlir. Dietoloji baxımdan müxtəlif dietik və pəhriz proqramlarında daha ucuz şəkildə zülal qəbul etmək üçün, xüsusən də toyuğun döş əti hissəsindən istifadə olunur. Eyni zamanda donuz əti ilə müqayisədə toyuq əti bütün dinlər arasında rahat şəkildə qəbul olunub istehlak edilə bilir və bununla bağlı dini qadağa yoxdur”.

S.Qafarov qida təhlükəsizliyi baxımından toyuq ətinin daşınması və saxlanması zamanı temperatur rejiminə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb: “Donmuş toyuq ətinin daşınması zamanı -18 °C temperatur göstəricilərinə, soyuq halda daşınan zaman isə 0 °C və +4 °C temperatur aralığına riayət olunması uyğundur. Bu zaman bakterioloji çirklənməyə yol verməmiş oluruq. Bununla yanaşı, məhsulun müxtəlif reseptlərə və bişirmə üsullarına uyğunluğu da onun istehlakçılar arasında populyar qida məhsuluna çevrilməsinə imkan verir. Hazırlanması zamanı tərkibindəki doymuş yağ miqdarı, zülal və karbohidrat tələbləri də nəzərə alınır. Xüsusən idmançılar tərəfindən düyü ilə birlikdə istehlak olunması məhsulun populyarlığını artırır. Toyuq əti donuz əti ilə müqayisədə daha ucuz xammal olduğuna görə daha çox istehlak olunur”.
Nigar Xəlilli
17:00 28.08.2026
Oxunuş sayı: 49