Yumurtadan yayılan xəstəlik ölümlə nəticələnir
Belçikada quşçuluq müəssisəsində yaranan salmonella ocağı artıq 300-dən çox insanın yoluxmasına səbəb olub və hadisə ölkədə indiyədək qeydə alınan ən böyük salmonellyoz yayılması kimi qiymətləndirilir. Ən azı 306 yoluxma halının təsdiqləndiyi bildirilir, eyni zamanda Belçikadan ixrac olunan yumurtalarla bağlı Niderland, Lüksemburq, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Çexiyada da məhsullar satışdan geri çağırılıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, istehlakçılar ilk növbədə yumurtanın keyfiyyətinə və mənşəyinə diqqət yetirməlidirlər: “İlk növbədə yumurtanın qabığı çatlamamış, təmiz və bütöv olmalı, üzərində son istifadə müddəti və istehsalçı barədə məlumatlar aydın görünməlidir. Şübhəli mənşəli, etiketsiz və ya satış şəraiti düzgün olmayan yumurtalardan uzaq durmaq lazımdır. Yumurtaları evə gətirdikdən sonra soyuducuda, mümkün qədər öz qablaşdırmasında saxlamaq, çiy ət, toyuq və hazır qidalardan ayrı yerləşdirmək vacibdir. Yumurtaya toxunduqdan sonra isə əllər, qablar və iş səthləri yaxşı yuyulmalıdır”.

Ekspert vurğulayıb ki, əsas məqamlardan biri yumurtanın tam bişirilməsidir: “Salmonella bakteriyasının məhv edilməsi üçün yumurtanın həm ağı, həm də sarısı tam bərkiyənədək bişirilməsi məsləhətdir. Çiy və ya yarımbişmiş yumurtadan hazırlanan mayonez, krem, desert və digər məhsullarda risk daha yüksək ola bilər. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif şəxslər üçün tam bişmiş yumurtaya üstünlük vermək daha təhlükəsizdir. Yumurtanın görünüşü, qoxusu və dadı onun Salmonella ilə çirklənib-çirklənmədiyini etibarlı şəkildə göstərmir. Buna görə əsas qorunma yolu düzgün alış, soyuq zəncirin qorunması, gigiyena və kifayət qədər istilikdə bişirmədir”.
Nigar Xəlilli
11:00 28.08.2026
Oxunuş sayı: 52