Marsda “yadplanetli” görüntüsü
NASA-nın Curiosity aparatının Mars səthində çəkdiyi və səmada süzən meduzaya bənzəyən sirli qaranlıq siluet yadplanetli canlı və ya naməlum struktur deyil, böyük ehtimalla kosmik şüanın yaratdığı görüntü artefaktıdır.
Crossmedia.az xəbər verir ki, “ScienceAlert” bu barədə məlumat yayıb.
Sözügedən görüntü ilk dəfə 2023-cü ildə Curiosity-nin naviqasiya kamerası tərəfindən qeydə alınıb. Fotoda uzaqdakı qayalıq ərazinin üzərində meduzaya bənzəyən qaranlıq obyekt diqqət çəkib.
Lakin mütəxəssislər görüntünün Marsda real obyektə aid olmadığını düşünürlər. Astrofizik Cozef Farahın fikrincə, yüksək enerjili kosmik şüa kameranın sensoruna düşərək görüntüdə qeyri-adi iz yaradıb.
Bu ehtimalı gücləndirən əsas məqamlardan biri həmin ərazinin cəmi 13 saniyə əvvəl çəkilmiş başqa görüntüdə görünməməsidir. Kosmik şüaların Yer atmosferindən kənarda fəaliyyət göstərən kameraların sensorlarına düşməsi adi hal hesab olunur.
Mütəxəssislər həmçinin görüntüdəki anomaliyanın elektron və ya məlumat ötürülməsi zamanı yaranan texniki nasazlıq nəticəsində meydana gəlməsi ehtimalını da istisna etmirlər.
17:14 29.08.2026
Oxunuş sayı: 61