Şiddətli yağış selə səbəb oldu
Liviyanın paytaxtı Tripolidə güclü yağışlar nəticəsində küçə və yolları sel suları basıb, çox sayda insan avtomobillərində köməksiz vəziyyətdə qalıb. Hadisə zamanı bir nəfərin elektrik cərəyanı vurması nəticəsində öldüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin Tripoli bölməsi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, yağışdan sonra suyun toplandığı ərazidə elektrik cərəyanına düşən şəxsin meyiti Qızıl Aypara əməkdaşları tərəfindən aşkarlanıb.
Qurum sakinlərə açıq elektrik naqillərindən və elektrik transformatorlarından uzaq durmaq barədə xəbərdarlıq edib.
Əlverişsiz hava şəraiti səbəbindən Tripoli Universitetində də tədris bir günlük dayandırılıb. Bu barədə universitetin rektorluğu məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə isə paytaxtın bir sıra küçələrində sel sularının səviyyəsinin avtomobilləri örtəcək həddə çatdığı görünür.
23:32 13.10.2026
Oxunuş sayı: 50