Laos Prezidenti BDU tələbələri ilə görüşdə nələrdən danışıb?
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşərək Azərbaycan-Laos münasibətlərinin inkişafı və təhsil sahəsində əməkdaşlıq imkanları barədə danışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidməti məlumat yayıb.
Tədbiri açan BDU-nun rektoru Elçin Babayev Azərbaycanla Laos arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu bildirib. O, sovet dövründə çoxsaylı Laos gənclərinin Azərbaycanda təhsil aldığını xatırladıb.
Rektor BDU-nun Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Elm və təhsil naziri Emin Əmrullayev isə sovet dövründə Laosun 2 minə yaxın vətəndaşının Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil aldığını diqqətə çatdırıb.
Nazir Laos gənclərini Azərbaycanda təhsil almaq imkanlarından yararlanmağa dəvət edib. O, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının yaratdığı imkanlardan danışıb, həmçinin iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Thonqlun Sisulit çıxışında Laosun müharibənin ağır nəticələrini aradan qaldırmaq, milli inkişafı təmin etmək və əhalinin həyat səviyyəsini yüksəltmək istiqamətində gördüyü işlərdən bəhs edib.
Prezident Azərbaycan-Laos münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların araşdırılmasına toxunub.
Görüşün sonunda BDU tələbələri Laos Prezidentinə suallar ünvanlayıb, Thonqlun Sisulit isə onları cavablandırıb.
20:10 13.10.2026
Oxunuş sayı: 44