Argentina Folklend adaları yaxınlığında neft və qaz kəşfiyyatına qarşı hüquqi addım atıb
Argentina hökuməti Böyük Britaniya ilə gərginliyin artdığı bir vaxtda Folklend adalarının şimalında neft və qaz yataqlarının kəşfiyyatını dayandırmaq üçün hüquqi proses başladıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Argentina hökumətinin bəyanatına istinadən məlumat yayılıb.
Bəyanatda bildirilib ki, Buenos-Ayres Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edərək Böyük Britaniyanın “qanunsuz” şəkildə icazə verdiyi fəaliyyətlərin qarşısının alınmasını tələb edib.
Bu addım Argentina Prezidenti Xavyer Mileyin İsrail və Britaniya şirkətlərinin birgə həyata keçirdiyi “Sea Lion” neft yatağı layihəsinin ləğvini tələb etməsindən iki həftə sonra atılıb.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Uma Kumaran isə Argentinanın Folklend adalarında fəaliyyət göstərən şirkətlərə qarşı “getdikcə güclənən kampaniyasını” tənqid edib. O, eyni zamanda həmin şirkətlərin müdafiəsi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
Baş verənlər özünüidarə olunan Britaniya ərazisi olan Folklend adalarının suverenliyi ilə bağlı London və Buenos-Ayres arasındakı gərginliyi daha da artırıb. Argentinada Malvin adaları adlandırılan bu ərazi uğrunda mübahisə 40 ildən artıqdır davam edir. Xatırladaq ki, Britaniya 1982-ci ildə adaları işğal edən Argentina qüvvələrini hərbi əməliyyat nəticəsində ərazidən çıxarıb.
23:24 13.10.2026
Oxunuş sayı: 49